AZXEBER.COM Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilati dəstəyi ilə" Mən evdən uzaqdayam" adlı avtobioqrafik müsahibələr silsiləsinin növbəti müsahibəsini təqdim edir. Bu dəfəki qonağımız Xocalı sakini Ramiz Məmmədovdur.
- Xoş gəlmisiniz Ramiz müəllim.
- Çox sağ olun. Allah sizdən razı olsun.
- Bilirəm hər dəfə o günləri xatırlamaq sizə də ağır gəlir. Xocalı sakini olaraq 25 fevral gecəsini necə xatırlayırsınız?
- 1990-cı ildə Tibb universitetinə daxil olmuşdum. 1992-ci ilin əvvəllərində ərizə yazaraq könüllü şəkildə Xocalıya döyüşməyə getmişəm. Erməni dilini yaxşı bildiyimə görə məni Xocalı aeroportunda Milli qəhrəman Əlif Hacıyevin dəstəsinə götürdülər. Daha sonra Xocalıya gəlib bir müddət orada polis rəisinin sürücülüyünü etdim. Fevral ayının 25-i axşam saat 19:00-20:00 radələri olardı. Üç tərəfdən erməni kəndləri, bir tərəfdən isə Xankəndi ilə qonşu olan Xocalı "Kətik" dağı və "Bozun düzü" deyilən təpədən raketlə atəşə tutuldu. Ermənilərin üç tərəfdən Xocalıya giriş etdiyi haqda hər kəsə xəbərdarlıq edildi. Anam yaşlı olduğu üçün bir neçə gün öncə onu oradan çıxartmşdım, atam isə mənimlə qalmışdı. Saat 00:00 olardı, hər tərəfdə atışma olduğundan biz Əsgəran tərəfə getməli olduq. Polis olduğum üçün silahım da var idi. Biz Xocalının "Qaladərəsi" kəndində məskunlaşmışdıq və orada 1988-ci ildə Azərbaycana gəlmiş məsxəti türkləri "finskiy" deyilən evlərdə yaşayırdılar.
Xocalıya hücum zamanı məxsəti türklərinin yaşadığı evlərin hamısı yanırdı. Bizi də kömək üçün ora yönləndirmələrinə baxmayaraq ora yaxınlaşmaq mümkün olmadı. Çünki artıq ermənilər kəndin içinə daxil olmuşdular.
"Qarqar" çayında körpü olduğundan, kənd əhalisinin hamısı o tərəfə qaçırdı. O istiqamətdə qaçanların içində atamın olmağına baxmayaraq, onu tapa bilmədim. 700-1000 nəfər əhali ilə birlikdə döyüşə-döyüşə çayın sahilinə qədər gəldik. Böyük, uşaq, körpə, hər kəs "Qarqar" çayında toplaşmışdı. Biz 200-300 nəfər olmaqla dəstələrə ayrıldıq. Yalnız dəstələrə ayrıldıqdan sonra atamı tapa bildim.
Ərazidə olan hərbiçilər mülki vətəndaşları çıxartmaq üçün çalışırdı.
Atamı tapıb Naxçıvannik istiqamətində getdiyimiz anda şiddətli atışma başladı və ən böyük insan itkisi məhz Naxçıvannik tərəfdə oldu. Biz insanları meşəyə tərəf yönəltdik.
Qarakötük kəndinə qalxan zaman yenidən bizi atəşə tutdular. Səhərə qədər davam edən atışmada bir çox insan şəhid oldu.
Kəndin atəşə tutulması zamanı bacımın yoldaşı və xalam uşaqlarını öldürüldü. Atam isə yaralandı.
Yeriyə bilməyən yaşlı adamlar, qadınlar və körpələr hamısı bir dərədə qaldılar, cavanlar isə yola davam etdilər. Ağdamın Gülablı kəndinə yaxın Dəhrəz adlı erməni kəndinin yaxınlığında həmin gənclərdən ibarət 200 nəfərlik dəstə əsir düşdü.
Xankəndidən gəlib Xocalıda yaşayan qadınla körpəsinin donmuş bədənini gördüm, onları da götürdüm və gətirib atamın yanında qoydum. Elə uşaq da var idi ki, donmuşdu amma nəfəsi üstündə idi, çox pis vəziyyətdə idilər.
- Dəfn oluna bilirdimi onlar?
- Xeyr, onları dəfn edəcək heç kim yox idi. Orda dörd gün qaldıq. Atam da donmuşdu, amma nəfəsi üstündə idi. Atam məndən onlara hansısa vasitə ilə kömək etmək üçün getməyi xahiş etdi. Əynimdə polis forması, bir tapanca, bir ədəd də avtomat var idi. Çayı keçəndə ayaqqabılarımı atama vermişdim deyə ayaqlarım yalın idi. Ağdam tərəfə gələrkən artıq Gülablı kəndinə çatdığımı zənn etdim. Amma kəndin girəcəyində donuzları görəndə anladım ki, bura erməni kəndidir və bizim tutulan 220 nəfər orada fermada əsir saxlanılır. Səhər idi, hava işıqlı olduğundan ermənilər məni gördülər. Atamgilin yanına qayıdıb yerilərini bildirməmək üçün meşəyə qaçdım. Çünki orada donub ölənlər olsa da, sağ qalanlar da var idi. Bu zaman aramızda atışma başladı. Üç gün məni meşədə qovsalar da tuta bilmədilər.
Qolumdan və qabırğamdan güllə yarası aldığım üçün 9 gündən sonra Gülablı kəndinə gəlib çıxa bildim. Ondan sonrasını isə demək olar ki, xatırlamıram. Gözlərimi açanda Ağdamda hansısa evdə idim və ətrafımda polis işçiləri, hərbiçilər var idi. Yaralı olduğum üçün onlar məni xəstəxanaya apardılar. O dərədə qalan 30 nəfərin isə aqibəti bu günə qədər bəlli olmadı. Yəqin ki, hamısı oradaca donub qaldı.
- Bəs atanız?
- Atam da orada dondu qaldı. Bu günə qədər ondan heç bir xəbər olmadı. Atam qolundan yaralanmışdı ammakörpə uşaqların heç birinə güllə dəyməmişdi. Onlar meşədə donaraq can verirdilər. Orada olan körpə uşaqların heç bir günahı yox idi. Atam yenə də yaşlı idi, deyirdim ki, artıq ömrünü yaşayıb. Amma elə sakinlər var idi ki, 15-16 yaşları var idi. Elə orada da belə bir şeir yazdım:
Qarabağı əlimizdən aldılar,
Bizləri də pərən-pərən saldılar.
İlan olub Xocalını çaldılar,
Meyitlər meşədə, yoxdur sağımız,
Getdi əldən vallah Qarabağımız.
Neçə körpələrin bağrı yarıldı,
Neçə cavanların qolu sarıldı,
Mal-qara ot oldu, qoyun qırıldı,
Yoxdur pendirimiz, yoxdur yağımız,
Getdi əldən vallah Qarabağımız,
- Həmin gecə gördüyünüz o qorxunc mənzərələr arasında sizi çox təsirləndirən və hələ də unuda bilmədiyiniz səhnə var?
- Var! Bir ananı vurmuşdular və övladı onun sinəsini açıb yemək axdararkən donmuşdu. Xocalı faciəsi kimi ikinci belə vəhşilik hələ olmayıb. Erməni vəhşilikləri bununla da kifayətlənmirdi. Onlar körpə uşaqları yandırıb, başının dərisini soyur, ölənlərin yenidən başlarını kəsirdlər. Gözümlə gördüyüm bir çox şeyi təəssüf ki, danışa bilmirəm.Həmin anları xatırlayan zaman həyəcanlanıram. 9 gündən sonra Xocalıdan son gələn mən olmuşam. Neçəsinin başının kəsildiyinin, qadınların çılpaq halda siqaret yanıqları ilə öldürüldüyünün şahidi olmuşam. Hətta siqaret kötüklərini də qadının bədəninə doldurmuşdular. Bunlar deyiləsi, danışılası dərdlər deyil. Allah bunu heç kimə göstərməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
- Onlar sizin polis əməkdaşı olduğunuzu bilirdilər?
- Bəli, paltarım cırıq-cırıq olsa da, baxanda bilinirdi. Həm də silahım var idi. Ermənilər tərəfdən bizə qarşı yaşları 40-45 olan, İraqdan, Suriyadan gələn ermənilər də vuruşurdu.
- Soyqırımı törədənlər də məhz onlar idi?
- Bəli. Əksəriyyəti elə onlar idi.
- Xocalını işğaldan azad edildikdən sonra ziyarət etmisiniz?
- Bəli, 6-7 dəfə getmişəm. Hətta öz evimizi də tapmışam.
- Hansı hissləri keçirmisiniz Xocalıda olarkən?
- Atamın 30 nəfərlə birlikdə donub qaldığı yeri ziyarət etmək istəyirəm.
- Ora getsəniz həmin yeri tapa biləcəksiniz?
- Bəli, əlbəttə tapacağam. Əvvəl bunun üçün köməklik olunacağını desələr də sonra məlum oldu ki, oralarda hər yerdə mina var. Bir nəfər həmin ərazidə minaya düşərək həyatını itirmişdi. Ona görə də hələ ki, ehtiyyat edirlər. Yəqin ki, minadan tam təmizlənəndən sonra gedəcəyəm.
- Hələ də guman edirsiniz ki, onlar məhz orda donaraq can veriblər?
- Bəli, əminəm ki, o 30 nəfərin hamısı bu gün də elə ordadılar. Çünki ermənilər ölülərimizi ya yandırırdılar, ya da ki, kütləvi şəkildə basdırırdılar. Qaladərəsində bir nəfər şəxsin nəşini gördüm. Onu güllələmişdilər və daha sonra meydini yandırmışdılar, sadəcə başı qalmışdı. Nə qədər də olmasa inanıram ki, sümüyü də olsa orada qalmış olar və bunu analiz edib aydınlaşdırmaq olacaq.
- Həmin illərdə siz ailəli deyildiniz?
- Yox, Tibb universitetində oxuyurdum, könüllü olaraq vuruşmağa getmişdim.
- Bu tarixi övladlarınıza danışırsınız?
- Mənim 3 oğlum var. Onlardan biri "Vətən müharibəsi"ndə Kəlbəcər və Laçında vuruşub. Digər ikisi hələ balacadır. Övladlarım mənə verilən orden və medallara baxıb mənimlə fəxr edirlər.
- Bu gün əlinizdə imkan olsa idi, həmin gecəni necə dəyişərdiz?
- Bu gün şükür edirəm ki, biz öz torpaqlarımıza qayıtmışıq. Sağ olsunlar ki, şəhidlərimizin xatirələrini o torpaqlarda da yad edirik. Orada tapılan cəsədləri yenidən dəfn edirik. Dövlətimiz tərəfindən bu iş çox uğurla həyata keçirilir, onlar layiqincə dəfn edilir. Arzu edirəm ki, bütün itkin düşmüş xocalılıların elə dəfn mərasimi olsun.
- Əgər o dediyiniz 30 nəfərin şəhid olduğu yeri tapsanız, atanızı Xocalıda dəfn edəcəksiniz?
- Bəli! Biz oranın vətəndaşıyıq.
- İnşallah ki, o əraziyə də gedərsiz və atanızın nəşini illər sonra da olsa taparsınız.
- İnşallah. Allah sizdən də razı olsun. 30 il qaçqın olmağımıza baxmayaraq, elə yaşamışıq ki, onu hiss etdirməmişik. Dövlətimizdən, millətimizdən çox razıyıq.
Aysel Hacızadə
Xanlar Əlizadə
Həsən Quliyev