16:49 çərşənbə Axşamı, 18 Fevral 2020
SAĞLAMLIQ

Bakıda xroniki yaraların optimal üsullarla müalicəsinə dair Yara Forumu keçirildi - FOTOLAR

11:14, 29.01.20202912
Bakıda xroniki yaraların optimal üsullarla müalicəsinə dair Yara Forumu keçirildi - FOTOLAR
4 yanvar 2020-ci il tarixində Azərbaycanda ilk dəfə Xroniki yaraların optimal üsullarla müalicəsinə dair Yara Forumu keçirildi.

Forum Global Medical təşkilatçılığı və Modern Hospital, Azərbaycan Tibb Universiteti, Uptodate In Medicine təşkilatı dəstəyi ilə Azərbaycan və Türkiyə Respublikalarının həkim-professor, həmçinin həkim mütəxəssisləri, rezidentlərin iştirakı ilə reallaşdı. Həkim mütəxəssislər arasında terapevtlər, endokrinoloqlar, damar cərrahları, pediatrlar, ümumi cərrahlar, plastik cərrahlar, infeksionistlər, revmatoloqlar, ginekoloqlar və s. müxtəlif sahələrin təmsiləri yer almışdır. Xarici ölkələrdən dəvət olunmuş professorlarla yanaşı, yerli mütəxəssislərimizin də forumda xronik trofik, cərrahi və digər yaraların düzgün və vaxtında müayinəsi və müalicə metodlarına dair çıxışları maraqla qarşılandı.

 1-ci Yara Forumunda iştirak etmiş həkim-mütəxəssislər 8 DTT kredit balı əldə etmişlər. Forumda iştirak edən tibb bacıları xarici və yerli mütəxəssislər tərəfindən xroniki yaraların qulluğuna dair praktiki kursda iştirak edərək, beynəlxalq sertifikatlarla təmin edilmişlər. 
Forumun təşkilatçılığında xüsusi rolu olmuş Modern Hospitalda infeksionist-hepatoloq kimi fəaliyyət göstərən, Global Medical firmasının tibbi direktoru olan Dr. Vüsalə Yaşar tədbir haqqında fikirlərini bildirdi:

"Biz bugün xroniki yaralara aid Azərbaycanda ilk dəfə 1ci Türkiyə-Azərbaycan xroniki yara forumunu təşkil elədik. Məqsədimiz, ölkəmizdə bu sahədə olan zəif yönlərin təkmilləşməsinə kömək etmək, fikir mübadiləsi apararaq qarşılıqlı faydalı olmaqdır. Tədbirimizdə müxtəlif sahələrə uygun həkimlər, tibb bacıları, rezidentlərin iştirak etməsi bunu sübut etdi ki, bu sadəcə bir istiqamətli deyil, müxtəlif tibbi istiqamətlərdə faydalanılacaq bir forum oldu. Bu ilkdi, ümid edirik və planlayırıq ki, belə faydalı forumları, konfransları tez-tez təşkil edək.”

Tədbirdə əsas çıxışçılardan biri olan Ankara Universiteti, tibb fakültəsi, ümumi cərrahiyyə kafedrasının professoru ümumi cərrah və damar cərrahı Prof.dr. Hakan Uncu da öz fikirlərini bizlə bölüşüb:

"Bu forumda xroniki yaralardan bəhs edirik. Xronik yara dedikdə, daha çox ayaqlarda gördüyümüz, yatan xəstələrdə rastlanan, 1 aydan çox zaman keçməsinə rəğmən sağalmayan yaraların necə müalicə olunacağına dair yeni üsulların tətbiqindən bəhs edəcəyik. Burada vaz keçə bilmədiyimiz, əsas olan, siz "qızıl standartlar” deyirsiz, bu standartları ən incə ayrıntısı ilə bəhs edəcəyik. Özəlliklə diabetik ayaqlarda olan yaralar və damar tıxanıqlığı ilə əlaqəli əmələ gələn yaraların müalicəsindən bəhs ediləcək. 

Bakıda daha öncə olmamışdım, daha öncədən gəlmədiyimə üzüldüm. Çox gözəl şəhərdir və qonaqpərvərlik üst səviyyədədir. Təşkilatçılara dəvətlərinə görə çox təşəkkür edirəm.”

Tədbirdə iştirak edən digər önəmli qonaqlardan biri, Ankara Universiteti, tibb fakültəsi, ümumi cərrahiyyə kafedrasının professoru Prof.Dr.Tuğbay Tuğ da öz fikirlərinibizimlə bölüşdü:

"Ankara Universitetində professor, eyni zamanda Türkiyədə "Yara Bakımı ve Doku Onarımı” dərnəyinin idarə heyətinin üzvü olaraq bu forumda iştirak etmək çox xoşdur. Azərbaycandan gələn dəvət üzərinə bir sıra türkiyəli və azərbaycanlı həmkarların ortaq təşkilatçılığı ilə baş tutan tədbirdə mən də "Neqativ təzyiqlə yaraların müalicəsi” mövzusunda çıxış edəcəm. Neqativ təzyiqlə xroniki yaraların sağaldılmasında olan təcrübəmizi paylaşacağıq. Burada ən önəmli bilinməsi gərəkən məsələ, yaraların müxtəlif növ olmasını bilib, onlara müalicə yanaşmasının da eyni deyil, hər bir yaranın özünə xas olmasının öyrənilməsidir. İn şə Allah birlikdə faydalı olarıq.

Ayrıca olaraq qeyd edim ki, Bakını, insanlarını çox sevdim, bundan sonra da tez-tez səfərlərimizi buraya salmağı düşünürük.”

Forumda çıxışçı qismində iştirak edən Modern Hospitalın Damar cərrahiyyəsi şöbəsinin fleboloqu və Diabetik Ayaq Mərkəzinin damar cərrahı Dr. Vüsalə Babayeva tədbir haqqında bildirib:

"Biz hər il Modern Hospitalda yer alan Diabetik Ayaq Mərkəzimizdə diabetik ayaq yaraları ilə müraciət edən yüzlərlə pasiyentin ayaq yaralarından azad olması üçün böyük səylə çalışırıq. Təbii ki, bu zaman ərzində müxtəlif növ yaralarla qarşılaşırıq, hətta qarşılaşdığımız bəzi yar növləri sübut edir ki, bunları müalicə edə bilməmiz üçün bu sahədə davamlı olaraq yeniliklər öyrənilməli və tətbiq olunmalıdır. Ona görə də bu tipli konfransların, forumların mütəmadi keçirilməsi, xarici həmkarlarımızla fikir mübadiləsinin olması çox müsbət və sevindirici haldır.

Mən də bu forumda Diabetik Ayaq Yaralarının müalicəsində tətbiq olunan son metodlardan "kök hüceyrə tətbiqi ilə yara sağalmasının sürətləndirilməsi”nə dair çıxış edəcəm. Ümid edirəm hər kəs üçün faydalı olar”.
 

 

 

 

 

 

 

 

 

 

 

 



XƏBƏR LENTİ