Mayın 11-i saat 04 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, İran ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan ərazisindəki hissəsinə keçib və körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.
Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib. Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran ərazisində saxlanılıb.
Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.
Müqabil tərəfdən verilən məlumata əsasən, saxlanılan şəxslərin İran vətəndaşları olduğu bildirilib. Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.