“Xural” və “Mətbuat Şurası” arasındakı qalmaqal məhkəmədə davam etdiriləcək

“Xural” və “Mətbuat Şurası” arasındakı qalmaqal məhkəmədə davam etdiriləcək
MEDİA
11:05 24.09.2011
1787

“Qara siyahı” davası məhkəmədə davam etdiriləcək

Mətbuat Şurası “Xural” qəzeti ilə bağlı bəyanat verib. Bəyanatda son günlər qəzetdə Mətbuat Şurası sədrinin və qurumun İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətinin təhqirinə yönələn yazıların dərc olunduğu deyilir. Qeyd olunur ki, məqalələrdə ictimai əhəmiyyət daşıyan şəxslərin tənqidinin yolverilən hüdudlarından tamamilə kənara çıxılır, Mətbuat Şurasının fəaliyyətinə kölgə salmağa, cəmiyyətdəki yeri və rolunu aşağılamağa yönələn yalanlara, böhtanlara və əsassız mülahizələrə meydan verilir, yazıların hər birində ifrat fikirlər, jarqonlar yer alır.

Bəyanat bu sözlərlə bitir: “Mətbuat Şurası İdarə Heyətinin üzvlərinə qarşı həqarət onları seçən ölkə jurnalistlərinə yönələn münasibətin ifadəsidir. Belə münasibət üçün adekvat cavab yalnız hüquqi müstəvidə ola bilər. Bu, bizim son seçimimizdir”. MŞ sədri Əflatun Amaşov isə bildirdi ki, “Xural” qara siyahıya etik prinsipləri pozduğuna görə düşüb. Onun sözlərinə görə, bu, xeyli fakta əsaslanır: “Qəzetin 5 sentyabr sayında "Rektorun prorektoru" başlıqlı yazıya diqqətinizi yönəltmək istərdim. Yazıda insan ləyaqəti görünməmiş şəkildə təhqir olunub. Zənnimcə, yazının hədəfi yalnız bir şəxs deyil, bir ali məktəbin pedaqoji kollektivi, orada təhsil alan bütün zəif cinsin nümayəndələridir. Qəzet yazıb ki, “universitetin bir çox fakültələrində qızlar arasında bakirəlik testi keçirilsə..., gələcək Azərbaycan üçün ləkələnmiş bir xeyli vətəndaş var”. Bunları da universitetin iki əməkdaşının ayağına yazır. Universitetdə qız tələbələrin qiymət alması üçün əxlaqsız metod tətbiq olunduğunu iddia edir". Ə.Zeynallı isə hesab edir ki, MŞ-nın bəyanatı 1937-ci ilin repressiyalarını xatırladır. Onun sözlərinə görə, son iki gündə qəzet və onun rəhbərliyi MŞ üzvləri tərəfindən amansız təhqirlərə məruz qalırlar: “Onlar bizi sadəcə məhkəməylə hədələmir, həm də susdurmağa çalışırlar. Bizi məhkəməyə verəcəkləri halda hüquqlarımızı müdafiə edəcəyik”. Baş redaktor onu da dedi ki, əgər MŞ rəhbərliyi onları məhkəməyə versə, onlar da adekvat addım atacaqlar. Müsahibimizin sözlərinə görə, “Xural” kollektivi də MŞ-nin İdarə Heyətində onları təhqirə məruz qoyanlardan məhkəməyə şikayət edəcək: “Mən hər zaman sözə sözlə cavab verməyin tərəfdarı olmuşam. Amma bizimlə bu cür dildə danışacaqlarsa, təhqir edib, sonra da məhkəməyə verəcəklərsə, zorbalığa qarşı zorbalıqla cavab verəcəyik”.

OXŞAR XƏBƏRLƏR