Əfsələddin Ağalarov
“Ya Məlixa, ya Səlixa, ya Bəlixa! Qaldırın Parisi yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. (Bir qədəm geri çəkilir, dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur). Xanım, gözünüz aydın olsun, Paris dağıldı! Razı oldunuzmu?”
(M.F.Axundovun Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850) əsərindən)
İllər sonra aydın oldu ki, hə, elə hamı bu cinlər diyarının dağılmasından razıdır. Dərviş ağa ona görə şeytan yuvası olan Firəngistanı yerlə bir elədi ki, Şahbaz bəy kimi bığı yeni tərləyən çağan baldırıaçıq Firəngistan gəlinlərini, qızlarını görüb coşmasın. Çün Şahbaz nəinki əndamını, heç üzünü belə ala-yarımçıq görmədiyiəmisiqızı, gələcək arvadı Şərəfnisəni unudub, adı lənətə gəlmiş ölkədə eyş-işrət məsliclərində itib-batacaqdı. Nəysə ki, Məstəli şah yetişdi və Jordan dəyyusunun bütün planlarını alt-üst etdi. Elə sonda Məstəli şah elə bir cadu elədi ki, Şahbazın cınqırı da çıxmadı. Bir neçə gün sonra nə Firəngistan qaldı, nə də Şahbazın oxumaq həvəsi.
Hamısı bir “meşok” barıt və bir-iki ağız “filfilo” ilə yerlə yeksan oldu.
Elə bil, o dövrdən bu dövrə heç nə dəyişməyib. Hadisələrin hal-qəziyyə olunduğu Qarabağ mahalını Bakı ilə, at-eşşək arabalarını dördtəkərli avtomobillərlə əvəzləsək, elə də tutarlı bir dəyişikliyin olmadığını görərik. Əsas olaraq, mahiyyət və zehniyyət eyni qalır. Yəni Şahbaz kimi oxumaq həvəsində olan cavanlar da var, Məstəli şah kimi cin çıxarmaqla adı dillər əzbəri olan “maşennik”lər də, Jordan kimi ətrafına Şahbazları yığmağa çalışan əcnəbilərdə.
Jordan demişkən, yaxşı yadıma düşdü. Misyö Jordan nə qədər saf və təmiz hislərlə Şahbaz bəyi özüylə aparmağı düşünsə də, ona edilən “əməl” buna imkan vermədi. Amma bu gün özünü Jordanlığa vuranların istəyi və əməli elə də saf və təmiz deyil. Ukrayna, Gürcüstan, Kipr adı ilə imtahansız, yalnız attestatla bir vaqon uşağı oxumağa aparan Jordanların məqsədini hamımız gözəl bilirik. Jordan pul qazana dursun, biliksiz abituriyent bir neçə ildən sonra biliksiz tələbəyə, 4 ildən sonra isə biliksiz və məzun olmuş mütəxəssisə çevriləcək. Sonda isə peşəkar kadr azlığı və cılız cəmiyyət...
Yeni nazir Mikayıl Cabbarovun gəncliyi və potensialı Mərdanovun bir vaxtlar şikəst elədiyi təhsilimizi düzəltməyə başlasa da, təhsilimizdəki “vəba”nın sağalmasına hələ illər var. Əvvəl sistem, daha sonra zehniyyət dəyişməli və “əliqurumuş” direktordan tutmuş, müəlliminə qədər hamı rüşvət bəlasından aralı gəzməlidir. Ya əvvəl-axır dəyişəcək, ya da Məstəli şahın filfilosu kimi “Ya Məlixa, ya Səlixa, ya Bəlixa!" edib pul alanların basaratı bağlanacaq.
Yadımdadır, dövr o dövr idi ki, orta məktəbdə oxuyarkən hər ay sinif rəhbərinin təzyiqləri nəticəsində “fond pulu”, “süpürgə pulu” kimi qeyri-qanuni yığımlar edilirdi. Hamımız bir nəfər kimi tələb edilən məbləği aybaay yığıb “şef”ə (ya sinif rəhbərinə, ya da ona yaxın olan şagirdə) verirdik. Əslində, dəyişən bir şey yoxdur. Bu qayda bu gün də davam edir. Hələ bizim vaxtlarda bir az qorxu-ürkü var idi. İndi qanun da sərtləşib, cəzalar da. Sanki məktəblərdə buna inad bütün əməllər açıq-saçıq aparılır.
Mətbuat bundan illərdir palaz-palaz yazılar verir, durmadan məsələni gündəmdə saxlayır. Amma çifayda.
İndi isə, Mikayıl Cabbarovun Təhsil Naziri kimi təyinatından sonra ümidlərimiz ölüm ayağında elektroşoka verilmiş ürəyə bənzəyir. Yarısı ölü, yarısı diriliyə meyilli. Ən azından, bu gün təhsildə yeni savaşçının ortaya çıxması, bir vaxtlar qısırlaşmağa doğru gedən Azərbaycan təhsilində yeni ümidlərin törəməsinə səbəb oldu.
Hər halda Məstəli şahın “Ya Məlixa, ya Səlixa, ya Bəlixa”ları gəlmədən bu işə bir əncam çəkən tapılmalıdır. Yoxsa, dələduzluğa meyilli Jordanlar və xurcunu barıt qoxan Məstəli Şahlar hələ çox peyda olacaq.