Bu gün səhər saatlarından yağmağa başlayan güclü yağışla əlaqədar Bakıda yol qəzalarının sayı bir qədər artıb. Bu barədə APA-ya Baş Dövlət Yol polis İdarəsindən məlumat verilib.
Xəbərə görə, güclü yağış yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb. İdarədən bildiriblər ki, sentyabrın 30-u axşam saatlarından bu gün səhər saatlarına qədər Bakıda ölümlə nəticələnən qəzalar baş verməsə də, avtomobillərə ciddi ziyan vuran yol-nəqliyyat hadisələri qeydə alınıb. Daha çox yol qəzası isə aeroport yolunda baş verib.
İdarədən o da bildirilib ki, günün sonunda Bakıda baş verən yol qəzalarının sayı dəqiqləşəcək, yalnız bundan sonra qəzaların digər günlərə nisbətən nə qədər artdığı məlum olacaq.
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib.
Hadisə şahidlərinin APA-ya verdiyi xəbərə görə, içərisində sərnişinlərin olduğu marşrut avtobus Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığındakı dəmir hasara çırpılıb.
Hadisə nəticəsində sürücü və bir neçə sərnişin xəsarət alıb. Hazırda Xətai rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.