Son günlər ölkə ərazisində ard-arda baş verən yanğınlar bir sıra hüquqi sualları gündəmə gətirib.
Xüsusilə də ziyanın kim tərəfindən qarşılanacağı, məsuliyyətin hansı qurum və ya şəxslərin üzərinə düşəcəyi aktual müzakirə mövzusuna çevrilib.
Mütəxəssislər yanğının səbəbi, obyektin istismar qaydalarına uyğunluğu və təhlükəsizlik tələblərinin yerinə yetirilib-yetirilməməsi məsuliyyətin müəyyən olunmasında əsas meyarlar sayılır.
Mövzu ilə bağlı Azərbaycan Vəkillər kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, yanğın zamanı dəymiş ziyanın kim tərəfindən qarşılanması məsələsi, ilk növbədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsində təsbit edilmiş "yüksək təhlükə mənbəyi” doktrinası əsasında qiymətləndirilməlidir:
"Yanğın zamanı dəymiş ziyanın kim tərəfindən qarşılanması məsələsi, ilk növbədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsində təsbit edilmiş "yüksək təhlükə mənbəyi” doktrinası əsasında qiymətləndirilməlidir. Qanunverici bu maddə vasitəsilə obyektiv təhlükəlilik xüsusiyyəti daşıyan fəaliyyət və ya əşyaların istismarından irəli gələn riskləri həmin mənbəyə mülkiyyət və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyur. Belə ki, yanğın təhlükəsi daşıyan texnoloji proseslərin, mühəndis qurğularının, elektrik sistemlərinin və digər risk yaradan obyektlərin istismarının nəticəsində üçüncü şəxslərə zərər dəymişdirsə, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti təqsir axtarılmadan yaranır.
Bu məsuliyyətdən azadolma yalnız qarşısıalınmaz qüvvə, zərərçəkənin qəsdi və ya təhlükə mənbəyinin sahiblik sferasında qeyri-qanuni çıxarılması kimi hallar sübuta yetirildikdə mümkündür”.
Vəkil bildirib ki, cəmiyyət üçün yüksək risk daşıyan fəaliyyətin səmərəsindən yararlanan şəxs onun mənfi nəticələrinin sosial dövriyyədə kompensasiyasını da təmin etməlidir:
"Təhlükə məsuliyyətinin hüquqi-fəlsəfi mahiyyəti isə ondan ibarətdir ki, cəmiyyət üçün yüksək risk daşıyan fəaliyyətin səmərəsindən yararlanan şəxs onun mənfi nəticələrinin sosial dövriyyədə kompensasiyasını da təmin etməlidir. Bununla belə, Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarında xüsusi olaraq vurğulandığı kimi, zərərin məhz yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində deyil, əmək funksiyalarının icrası zamanı törədilib-törədilməməsi də hüquqi qiymətləndirmənin əsas meyarlarından biridir. Əgər yanğının baş verməsi işçinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə funksional bağlılıq təşkil edirsə, məsuliyyət Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq işəgötürənin üzərinə keçir. Bu halda məsuliyyət təqsirsiz xarakter daşıyır və onun hüquqi əsası işəgötürənin işin təhlükəsiz təşkilinə dair obyektiv öhdəliklərinin pozulması ilə şərtlənir.
İşəgötürən zərəri ödədikdən sonra, işçinin təqsiri müəyyən olunarsa, Məcəllənin 1114-cü maddəsi əsasında ona qarşı reqres iddiası qaldıra bilər”.
"Yanğın nəticəsində dəymiş ziyanın kim tərəfindən ödənilməli olması, zərərin hüquqi mənşəyinin – yüksək təhlükə mənbəyinin istifadəsindən yaranıb-yaranmamasının və ya əmək münasibətləri çərçivəsində törədilmiş hərəkətlə bağlı olub-olmamasının – dəqiq müəyyən edilməsindən asılıdır”-, deyə vəkil bildirib.
Şahanə Ziyad










































