Seymur Verdizadə
Yeddi-səkkiz il əvvəl YAP-çı olmaq indikindən qat-qat çətin idi. Həmin vaxt cibində hakim partiyanın biletini gəzdirən adam Mübariz Qurbanlının yalanlarına həvəslə qulaq asmalı, Siyavuş Novruzovun məntiqsiz bəyanatlarına haqq qazandırmalı, Əli Əhmədovu görəndə ona təzim etməli idi. İndi heç bir partiya üzvünün belə bir “öhdəliyi” yoxdur. Çünki heç kim bunu onlardan tələb etmir.
Ötən ilin payızında mühüm bir tədbirdə iştirak etmək üçün Gəncəyə getməli idik. Toplantının vaxtı dəyişdiyindən gecə saat 3-də sınıq-salxaq mikroavtobusla yola çıxdıq. Yolda başımıza o qədər maraqlı hadisələr gəldi ki, Bakıya qayıdandan sonra “Ziya Məmmədovun himayə etdiyi dəli” adlı məqalə yazdım. Cibində “dəlilik kağızı” olan bir adamın sükan arxasında əyləşməsi məni sözün həqiqi mənasında şoka salmışdı. Təkcə özümün deyil, həm də gecə səhərə kimi mənimlə eyni həyəcanı yaşayan 12 nəfər yol yoldaşımın taleyinə görə narahatlıq keçirdiyim üçün yazının “duzunu-istiotunu” bir az çox eləmişdim. Həmin məqalə Qafqazinfo.az saytında yerləşdiriləndən iki gün sonra tədbirlərin birində YAP üzvü olan bir qrup nəqliyyatçı ilə görüşdüm. Onlar “Ziya Məmmədovun himayə etdiyi dəli”dən həvəslə söz açıb, bu yazıya görə mənə təşəkkür etdilər. Nə baş verdiyini aydınlaşdırmağa çalışarkən 25-30 yaşlı bir gənc qoluma girdi: “Müəllim, bizim əksəriyyətimiz rayon adamıyıq. Çoxumuzun valideynləri kənddə yaşayır. Yaşlı valideynlərimizin də bir gün həmin dəlinin idarə etdiyi mikroavtobusa minməyəcəyinə heç kim təminat verə bilməz. Sağ olun ki, bu cür problemləri vaxtında işıqlandırırsınız”.
Bu, həmin vaxt idi ki, Ziya Məmmədovun ayda 375 manat məvacib alan qardaşı oğlu Aynar Məmmədovun ümumi dəyəri 1 milyon manatdan artıq olan avtomobillərə sahib olduğu hələ üzə çıxmamışdı. Amma Nəqliyyat Nazirliyində çalışan gənc YAP-çılar başa düşürdülər ki, Ziya Məmmədovun nəinki ailə üzvləri, hətta uzaq qohumları da heç vaxt həmin sınıq-salxaq mikroavtobusun sərnişini olmayacaqlar. Çünki Məmmədovların korrupsiya əməlləri ifşa olunmadan da hamı bilirdi ki, bu tayfanın sahib olduğu avtomobillərin təkərlərini qaraldan adamların
da maşını var. Bu isə o deməkdir ki, atasının vaxtilə Ziya Məmmədovla eyni idarədə çalışdığına arxayın olub, sükan arxasına keçən həmin zırrama ancaq bizim kimi sadə vətəndaşların, o cümlədən Nəqliyyat Nazirliyində quru maaşa qulluq edən kasıb YAP-çıların valideynlərinin canını ala bilər. Çünki məmur özbaşınalığından həmişə sadə insanlar əziyyət çəkirlər...
Fikir verirəm, son vaxtlar müxalifətyönlü jurnalistlər təhsildə, səhiyyədə baş verən neqativ hallardan yazanda sosial şəbəkələrdə dostluq etdiyim YAP-çılar həmin məqalələri “like” edir, hətta öz səhifələrində paylaşırlar. Çünki YAP üzvlərinin böyük əksəriyyəti bizim kimi kasıb, imkansız adamlardır. Bu adamların heç birinin öz övladlarını Kəmaləddin Heydərov, Rövnəq Abdullayev, İsmət Abbasov kimi xaricdə oxutmaq, onların təhsilinə külli miqdarda vəsait xərcləmək imkanı yoxdur. Onlar ümidlərini dövlətin balansında olan orta və ali məktəblərə bağlayıblar. Başa düşürlər ki, Mikayıl Cabbarov Misir Mərdanovun “rüşvət yuvası”na çevirdiyi təhsil müəssisələrində qayda-qanun yarada bilməsə, övladları savadsız olacaq, bir tikə çörək üçün gələcəkdə hansısa məmurun obyektində fəhləlik edəcək.
Sıravi YAP-çıların səhiyyədəki neqativ halları ictimailəşdirmək arzusu da reallıqdan doğur. Axı, onlar Artur Rəsizadə qədər imkanlı deyillər ki, adi katarakta əməliyyatı üçün Almaniyaya getsinlər...
Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı YAP-çının da, müxalifətçinin də, bitərəfin də həyatını zəhərə döndərib. Bu cür neqativ hallara qarşı elliklə mübarizə aparmaq lazımdır. Burda kimin hansı siyasi partiyanın üzvü olmasının heç bir əhəmiyyəti yoxdur.