YAP-dan İsa Qəmbərə sərt ismarıc: 'Hətta Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq edirlər'
Bütün Xəbərlər
13:04 23.07.2012
1271
Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbərin və onun tərəfdarlarının Müsavat ideologiyasına zərbə vurduğunu iddia edib.“Onlar özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçıları sayırlar. Amma o dövrdə yaranan Müsavat Partiyasının ideologiyasının indiki Müsavata heç bir dəxli yoxdur. Bunların gözünü hakimiyyət hərisliyi o qədər yumub ki, hətta Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq edirlər", - AZXEBER.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.M.Qurbanlı hesab edir ki, Azərbaycan müxalifəti, xüsusilə də onun radikal qanadı ümummilli maraqları daima tapdalayır.“Vətəndaş olaraq biz hamımız dövlətimizin hər bir uğuruna sevinməli, Azərbaycana yönəlik edilən hər bir hərəkətə qarşı da birgə dayanmalıyıq. Xocalını işğal edən erməni quldur dəstələri orada insanları siyasi baxışlarına görə yox, yalnız azərbaycanlı olduğu üçün qətlə yetirirdi. Yəni biz eyni xalq, eyni millət, eyni maraq üzərində dayanırıq. Qarşımızda düşmən var və bu düşmən bizə bütün sahələrdə zərbə endirmək istəyir. Və o düşmənin də arxasında dayanan qüvvələr, o düşməni birləşdirən lobbi təşkilatları var. Onlar bizə qarşı bütün sahələrdə təxribatlara əl atırlar”, - deyə YAP rəsmisi qeyd edib.M.Qurbanlı bildirib ki, Azərbaycanın daxilindəki siyasi mübarizə seçkilərdə özünü göstərə bilər. Azərbaycandan kənarda dövlətin, xalqın marağına zidd hərəkət edən hər bir adam milli maraqları tapdamış sayılır: “Milli maraq hər şeydən ucada dayanmalıdır. Dövlətə qarşı müxalifətçilik ola bilməz. Müxalifətçilik siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı özünü göstərməlidir. Amma kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir, danos yazır”.