YAP Gənclər Birliyi "Gənclər günü"nü qeyd etdi - FOTOLAR

GƏNCLİK
14:45 01.02.2014
3090

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral "Gənclər günü" ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, vitse-spiker Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, media kapitanları və təşkilatın fəal üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP GB sədri Seymur Orucov Gənclər gününün tarixi haqqında məlumat verib. O bildirib ki, bu günün əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə keçirilən Gənclərin I forumunda qoyulub: "Dünya ölkələri arasında Azərbaycan ilk ölkədir ki, gənclər üçün xüsusi gün ayırıb. Bu günün təsis edilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının əsas göstəricilərindən biridir. Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə özünü göstərir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı elm, təhsil, dövlətçilik, mədəniyyət, idman və digər sahələrdə özünü göstərir".
Tədbirin davamında YAP GB-nin ötən ilki fəliayyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.
Daha sonra tədbirdə çıxış edən baş nazirin müavini YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu günün yaranmasından təxminən 20 il keçir: "Tədbirin məhz 2 fevrala salınması da təsadüfi deyil. Bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb-böyüməsi istiqamətində böyük işlər görülüb. Bu işlər bu gün də görülməkdədir. Bun gün ləyaqətli, dəyərli Azərbaycan mentalitetini mənimsəmiş, bu dəyərlər əsasında fəaliyyət göstərməyə hazır olan Azərbaycanın gələcəyini daha da inkişaf etdirmək zərurətini və məsuliyyətini dərk edən gəncləri nəslinin yetişdiyini qeyd edirik. Azərbaycan gənclərinin əksəriyyəti YAP GB-nin sıralarında yerləşib. YAP-ın 600 mindən çox üzvünün təxminən 40 faizini gənclər təşkil edir.
Onlar yüksək təhsil və biliklərə yiyələnmiş, Ulu Öndər siyasətinə sadiq olan gənclərdir. Biz inanırıq ki, bungünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir".
Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox iş görüb: "Yadımdadır ki, o zaman partiya yarananda da ora gənclər gəlirdi. Lakin o zamanın gəncləri ilə indiki gənclər arasında çox fərq var. Mən daha çox bugünkü gənclərə üstünlük verirəm. Bugünkü gənclik özünün parlaq dövrünü yaşayır. Müasir gənclərin özünə inamı bizdən daha çoxdur. Azərbaycanın gələcəyi ilə bağlı qəbul edilən qərarların məsuliyyəti siz gənclərin üzərinə düşür. İnanıram ki, siz buna hazırsınız. Düşünürəm ki, yaşlı nəsil öz yerlərini rahat şəkildə gənclərə verə bilərlər. Çünki bugünkü gənclərə inam çox böyükdür. YAP GB gənclər təşkilatları arasında öz işi və fəaliyyətinə görə fərqlənir. Siz əldə etdiyiniz bütün uğurları öz zəhmətiniz sayəsində əldə etmisiniz. Mən bütün gəncləri bayram münasibətilə təbrik edirəm".
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, son 10 ildə gənclər sahəsinə yatırılan investisiya 100 dəfə artıb.
Daha sonra təhsil nazirinin müavini Ceyhun Bayramov ölkədə gənclərin təhsil alması üçün yaradılan imkanlardan danışıb.
Tədbirin davamında YAP GB-nin sədr müavini Samirə Quliyeva, AGAT-ın sədri Gülsel Səfərova çıxış edərək gəncləri bu gün münasibətilə təbrik ediblər.
Tədbirin sonunda bir qrup jurnalistlərə və ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.
Qeyd edək ki, AZXEBER.COM xəbər portalının baş redaktoru Hacıbəy Heydərli də mükafata layiq görülüb. 
 

OXŞAR XƏBƏRLƏR