YAP Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə start verilib
GƏNCLİK
16:26 06.02.2014
1470
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Qış məktəbi” layihəsinə start verilib. AZXEBER.COM-un xəbərinə görə, “Gənc liderlər” gənc siyasətçilər üçün Qış məktəbi 10-14 fevral tarixlərində Oğuz rayonu, “Afra” otelində reallaşdırılacaq.Builki “Qış məktəbi”ndə Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunu təmsil edən 100 nəfərə yaxın fəal gənc iştirak edəcək.Layihəyə start verilməsi ilə əlaqədar olaraq bu gün YAP İcra katibliyində “Qış məktəbi”ndə iştirak edəcək gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qış məktəbi”nin iştirakçılarına uğurlar arzulayıb.Layihənin məqsədi barədə fikirlərini bildirən Siyavuş Novruzov qeyd edib ki, belə layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır. Onun sözlərinə görə, gənc siyasətçilərin formalaşmasında da bu tipli layihələr vacib rol oynayır.Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP İcra katibinin müavini partiyanın bu siyasətin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb: “YAP İdarə Heyətinin qərarı ilə partiyanın Gənclər, İdman və Mədəniyyət məsələləri komissiyası yaradılıb. Bu komissiya da gənclərlə iş istiqamətində müxtəlif layihələr hazırlayaraq həyat keçirəcək. Bununla da, bizim gənclərlə bağlı siyasətimiz daha da genişlənmiş olacaq. Hesab edirəm ki, gənclər bu yöndə görülən işlərdə fəal iştirak etməlidir. Bu mənada, “Qış məktəbi”ində iştirak edəcək gənclərə uğurlar arzulayıram. Onlar layihə çərçivəsində proqrama uyğun olaraq müxtəlif seminarlar, təlimlər, disskusiyalar təşkil edəcək, eyni zamanda asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Bütün bu proseslərdə fəal iştirak etməklə yanaşı gənclər intizamlı olmalıdır. Çünki partiyamızda nizam-intizam məsələlərinə ciddi diqqət yetirilir”.S.Novruzov “Qış məktəbi”ndə iştirak edəcək gənclərə müvafiq tövsiyələr verib.Çıxış edən YAP GB-nin sədri Seymur Orucov isə əlavə edib ki, "Qış məktəbi"ndə gənclər intellektual yarışlar təşkil etməklə yanaşı sosial şəbəkələrdə iştirak və digər maraqlı təqdimatlarla çıxış edəcəklər.Çıxış edən gənclər isə Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Bildirilib ki, “Qış məktəbi” layihəsi də gənclərin siyasi fəaliyyətinin formalaşmasında müsbət təsir göstərir.