YAP Gənclər Birliyinin yeni ofisi açıldı

YAP Gənclər Birliyinin yeni ofisi açıldı
Bütün Xəbərlər
14:49 24.12.2011
2385
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin açılışı mərasimi keçirilmişdir. AZXEBER.COM-un məlumatına görə, mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Gənclər Birliyinin yeni ofisinin açılışının əlamətdar bir gündə baş verdiyini bildirmişdir: «Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür, dövlətimizin başçısının 50 illik yubileyidir. Bu münasibətlə partiyamız tərəfindən Prezidentimiz haqqında kitab nəşr olunmuşdur».  Əli Əhmədov qeyd etmişdir ki, YAP Gənclər Birliyinin yeni ofisinin açılması gənclərin fəaliyyətinin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycan gəncliyinin yenilikçi qüvvə olduğunu deyən YAP Sədrinin müavini ölkə Prezidenti tərəfindən Azərbaycanın yeniləşməsi, modernləşməsi siyasəti həyata keçirildiyini vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin bu siyasətini dəstəkləyən əsas qüvvədir. «Azərbaycan gənclərinin böyük bir hissəsi partiyamızda birləşib. Hesab edirəm ki, gənclərimiz yeni ofisdə səmərəli fəaliyyət göstərəcək, maraqlı diskussiyalar, müzakirələr aparacaqlar. Gənclərimiz həmişə xatırlayacaqlar ki, bu ofis Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 50 illik yubileyində açılmışdır. İstərdik ki, bu ofis YAP Gənclər Birliyinin üzvləri ilə yanaşı Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bütün gənclərin toplaşdığı məkan olsun»- deyə YAP Sədrinin müavini vurğulamışdır. Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında yeni ofisin açılışı münasibətilə YAP Gənclər Birliyinin üzvlərini təbrik etmişdir. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyini ölkə gənclərinin böyük sevinclə qeyd etdiyini bildirmişdir. «İnanıram ki, bu ofis gənclərin daim toplaşdığı və yeni ideyaların irəli sürüldüyü məkana çevriləcək. YAP Gənclər Birliyi siyasi təşkilatdır, liderlik məktəbidir. Nazirlik olaraq partiyanın Gənclər Birliyinin fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, gənclər təşkilatlarının əməkdaşlıq şəraitində fəaliyyəti çox səmərəli nəticələr verəcək» deyə A.Rəhimov vurğulayıb. Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da yeni ofisin açlışı münasibətilə gəncləri təbrik edərək onlara uğurlar arzulamışdır. YAP Gənclər Birliyinin ölkə gəncliyinin avanqard qüvvəsi olduğunu deyən E.Aslanov təşkilata gələcəkdə daha böyük uğurlar arzulamışdır. Daha sonra mərasimdə YAP Gənclər Birliyinin internet saytının təqdimatı olmuşdur. YAP Gənclər Birliyinin sədri Seymur Orucov sayt haqqında geniş məlumat vermişdir.
OXŞAR XƏBƏRLƏR