“Bu mövzu genişdir. Mən özüm də vaxtilə idmanla məşğul olduğumdan bu sahə mənə yaxındır, yəni sahəni bilirəm. Ümumilikdə, dünyanın heç bir yerində Azərbaycan dövlətində olduğu qədər idmana diqqət və qayğı yoxdur. Olimpiada güclülərin yarışıdır. Burada medal qazanmaq asan deyil. Amma bu hərəkatda medallar qazanmaq, ölkənin şərəfini ucalmaq vacibdir. Hesab edirəm ki, bu Olimpiadada əldə edilən nəticələr Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıya ekvivalent deyil. Məsələn, qonşu Gürcüstanda idmançılara yaradılan şəraitlə Azərbaycanda yaradılan şərait müqayisə də oluna bilməz. Amma nəticələr hələlik fərqlidir” . AZXEBER.COM xəbər verir ki, bu fikirləri APA-ya müsahibəsində YAP-dan olan millət vəkili Siyavuş Novruzov deyib. Deputat bildirib ki, idmançılarımızın ümumi fiziki hazırlığı zəifdir. Onların təlim-məşq toplanışlarından yayınması buna gətirib çıxarıb. Onun sözlərinə görə, sanki bəzi idmançılar qələbəni yox, yarışın bitməsini gözləyir: “Bir söz var, elə bil bunları göndəriblər. İnsan uduzanda da şərəflə uduzmalıdır. Federasiyalar ciddi şəkildə işləməlidir, struktur islahatları aparılmalıdır. Olimpiadaya idmançılarla yanaşı onların fərdi məşqçilər də getməli idi. Yığmanın ümumi məşqçisi gedir, amma ora müxtəlif artıq adamların aparılmasındansa, fərdi məşqçilər, psixoloqlar göndərilməlidir. Məsələn, dağıstanlılar gələn kimi bizimkilərdə bir assosiasiya yaranır ki, bu daha güclüdür. Psixoloq idmançını inandırmalıdır ki, heç də belə deyil. Başqa bir problem uşaq idman məktəbləri ilə bağlıdır. Biz hərdən almanı bazardan almağa çalışırıq, amma biz alma ağacını yetişdirməliyik. Çünki sabah bazarda alma olmaya bilər. Asan yola qaçmaq lazım deyil. Xaricdən idmançı gətirib asan yolla medal qazanmaq fikrindən uzaq durmaq lazımdır. Əgər lazımdırsa, iki-üç il medal almayaq. Amma sonra alacağıq. Düzdür, elə sahə var ki, bizdə inkişaf etməyib və indi alınmır. Amma o sahə də nə vaxtsa inkişaf edəcək. Artıq bizim növbəti idmançılarımız Olimpiadada yarışa qatılacaq. Mən onların hər birinə uğurlar arzulayıram. Uduzan idmançılarımız da darıxmasınlar, öz üzərlərində daha çox işləsinlər”.