Azərbaycanda boş qalan yerlərə bələdiyyə seçkiləri noyabrın 30-da keçiriləcək. Noyabrın 30-na təyin olunmuş seçki 9 bələdiyyəni tam, 321 bələdiyyəni isə qismən əhatə edir. Seçki 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
Azərbaycanda 23 dekabr 2009-cu ildə 1718 bələdiyyə üzrə seçkilər keçirilib və 1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib, həmin vaxtdan indiyədək 1 bələdiyyədə üzvlərin sayı kvormdan aşağı düşüb.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.
30 noyabrda həmin bələdiyyələrə seçkilər keçirilməsinə hazırlıq gedir. Siyasi partiyaların bu seçkilərə marağının olmadığı aydın görünür. Hətta YAP da bələdiyyə seçkilərinə ciddi önəm vermir. Bu səbəbdən də YAP təkrar seçkilərə partiya şəklində qatılmır. Hakim partiyanın mətbuat katibi Hüseyn Paşayev bildirib ki, namizədlik fərdi qaydada irəli sürüləcək, YAP bu seçkidə partiya kimi iştirak etməyəcək.
Azərbaycanın aparıcı müxalifət partiyalarından Müsavat 30 noyabrda 10 bələdiyyədə keçiriləcək seçkilərdə iştirak edib-etməməklə bağlı yekun qərarı hələ verməyib. Partiya başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, Müsavat Divanının növbəti iclasında bu məsələyə baxılması gözlənilir: “Divan həmin seçkilərdə partiyanın iştirak edib-etməməsi barədə qərar verəcək. Qərar necə olacaqsa, ona uyğun da hərəkət ediləcək”.
AXCP isə 30 noyabrda keçiriləcək seçkilərdə iştirak etməyəcək. Bu barədə partiya sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verdi. Onun dediyinə görə, iştirak etməmək barədə qərar verilməsinin səbəbləri var: “Bu seçkilərin normal, demokratik keçirilməsi ehtimalı yoxdur. 10 bələdiyyədə guya seçkilər keçiriləcək. Əslində isə 30 noyabrda həmin bələdiyyələrə təyinatların qondarma seçki vasitəsilə elan olunması həyata keçiriləcək. İştirak etməməyimizin digər bir səbəbi bələdiyyələrin statusunun, səlahiyyətlərinin sıfır səviyyəsində olmasıdır. Bələdiyyələrin statusu elədir ki, bələdiyyədə təmsil olunub yerli hakimiyyət orqanı kimi hər hansı bir nəticəyə nail olmaq, səmərəli fəaliyyət göstərmək imkanı yoxdur. O baxımdan da bələdiyyələrdə iştirak siyasi baxımdan da heç bir əhəmiyyət kəsb eləmir. Ona görə də 30 noyabr seçkilərində iştirakın mənası yoxdur”.