Azərbaycanın hakim partiyası ATƏT-ə sədrliyi dövründə Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağına ümid edir. "Biz ATƏT-ə sədrliyi dövründə Ukraynanın bu regionda münaqişələrin həlli istiqamətində fəallıq göstərəcəyinə ümid edirik. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, bu ölkə ilə GUAM çərçivəsində də sıx münasibətlər qurulub. Bu baxımdan, Ukraynanın ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aktiv siyasət aparacağını gözləyirik". Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatıMübariz Qurbanlıdeyib. Qurbanlı bildirib ki, bütövlükdə ATƏT münaqişənin həlli ilə bağlı cəhdlər göstərsə də, bu prosesdə əsas rolu Minsk qrupunun həmsədrləri oynayır. Onun sözlərinə görə, həmsədr ölkələr isə işğalçı Ermənistana ciddi təsir göstərmirlər. "Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. İrəliləyişin olması üçün Ermənistana təzyiq göstərilməli və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. Düşünürük ki, ATƏT-ə sədrliyi dövründə Ukrayna bu məsələyə xüsusi diqqət ayıracaq, sülh prosesinin irəli getməsi üçün müəyyən addımlar atacaq", - deyə YAP İcra katibinin müavini vurğulayıb.