'Yararsız vəziyyətdə olan, tələblərə cavab verməyən avtomobillərlə yola çıxmaq məsləhət deyil'
Bütün Xəbərlər
11:17 08.01.2013
1295
Sabahdan ölkə ərazisində havalar kəskin dəyişəcək və bəzi ərazilərə qar yağacaq. Havanın şaxtalı günlərində yollarda avtomobillərin də hərəkətində çətinliklər yarana bilər. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər. Yol polisi ümumiyyətlə şaxtalı-qarlı havalarda təcrübəsi olmayan sürücülərə axşam və səhər saatlarında yola çıxmamağı tövsiyə edir.Yol Polisi sürücülərə müraciətində qış mövsümündə xüsusi qış təkərlərlərindən istifadə etmələrini də tövsiyə edib. K.Əliyevin sözlərinə görə, sürücülərə qış mövsümündə nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər. Yararsız vəziyyətdə olan, tələblərə cavab verməyən avtomobillərlə yola çıxmaq məsləhət deyil.Onun sözlərinə görə, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.