Azərbaycan paytaxtında bazara bomba qoyulması barədə polisə məlumat daxil olub.Hadisə bu gün saat 13.30 radələrində qeydə alınıb. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs Yasamal rayonu, Qızıl Şərq küçəsi, 105 ünvanında yerləşən “Yasamal Bazarı”na bomba qoyulması barədə məlumat verib. Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN xilasediciləri çıxıb. Bazarda olanlar ərazidən çıxarılıb və axtarışlara başlanıb. Aparılan axtarış tədbirləri nəticəsində bazarda şübhəli əşya aşkarlanmayıb.
Polisdən, həmçinin bildirilib ki, artıq anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda polisə yalan məlumat verən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.