"Yaşar Nurinin səhhətində heç bir irəliləyiş yoxdur"
Bütün Xəbərlər
20:10 16.12.2011
2128
Media mənsublarına səslənən xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qələm əhlini öz insafları ilə baş-başa buraxıb. “Hamı Yaşarın səhhəti ilə maraqlanır, onun vəziyyətinin necə olduğunu bilmək istəyir. Amma bəzi jurnalistlər var ki, müxtəlif sayt və qəzetlərdə reytinq qazanmaq naminə heç bir məntiqə sığmayan təsdiqlənməmiş informasiyalar yayırlar. Çox az sayda jurnalist var ki, doğru xəbər yayır. Ailə üzvlərimizin, minlərlə pərəstişkarının bu cür gərgin, əsəbi vəziyyətdə olduğu bir vaxtda lazımsız şaiyələri yaymaq nə dərəcədə doğrudur? Dezinformasiya yayanları öz vicdanları ilə baş-başa buraxıram. Həkimlərin müdaxiləsinə baxmayaraq, hələ ki, Yaşarın səhhətində müsbət irəliləyiş yoxdur. İmmun sistemində zəiflik olduğu üçün müalicə effekti özünü zəif göstərir. Amma ümidlərimizi itirmirik. Allah-Təala həkimlərimizin səyi nəticəsində Yaşarı yenidən onu sevənlərə bağışlayacaq” - Rəhimə xanım fikirlərini belə tamamladı.Məlumat üçün bildirək ki, 11 noyabr 2011-ci il tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Azərbaycanın xalq artistinin səhhəti bu ilin sentyabrında qəflətən pisləşmişdi. Aktyor bir müddət Mərkəzi Gömrük Hospitalında müalicə almışdı. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəllərində isə Türkiyənin İstanbul “Memorial” xəstəxanasında uzun müddət müalicə olunub.