Hadisə pul əldə etmək üçün törədilib.
Qazaxın Cəfərli kəndində baş verən dəhşətli qətl-qoca ər-arvadın ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Hadisəni baltalanaraq qətlə yetirilən ər-arvad Nəriman Osmanovun və Dünya Bakıxanovanın kürəkəni Elşən Musayev törədib.
Məlumatda qeyd olunduğu kimi onun iki nəfər cinayət ortağının isə adı açıqlanmır.
Kənd sakini Şöhrət Məmmədov bildirib ki, Ağköynək kənd sakini Elşən Musayev ağır işgəncələrlə qətlə yetirilən Nəriman Osmanovun birinci evliliyindən olan qızı Səbinə Musayevanın həyat yoldaşıdır.
Hadisənin pul əldə etmək üçün oğurluq məqsədilə törədildiyi bildirilir.
Məsələylə bağlı Qazax Rayon Polis Şöbəsindən bildirildi ki, hazırda cinayətkarın və ya cinayətkarların tapılması ilə bağlı heç bir məlumat yoxdur. Araşdırma gedir.
Xatırladaq ki, martın 12-dən 13-ə keçən gecə baş verən hadisədə Qazaxın Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndində 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanova baltalanaraq öldürülmüşdü.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
///sputnik