Sentyabrın gəlişi ilə məktəblərlə yanaşı, universitetlərdə də yeni tədris ili başlayır. Bununla əlaqədar bölgələrdən Bakıya təhsil almağa gələn tələbələrin qarşılaşdığı əsas məsələlərdən biri yaşayış xərcləridir.
Xüsusilə paytaxtda kirayə qiymətlərinin yüksək olması tələbələr və onların ailələri üçün ciddi maliyyə yükü yaradır. Bu baxımdan tələbələr üçün yataqxanada qalmaq, yoxsa kirayə ev tutmaq daha sərfəli variant hesab olunur?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, son illərdə tələbələrin yaşayış məsələsində müəyyən dəyişikliklər müşahidə olunur:

"İlk növbədə bütün tələbə adını qazanan abituriyentləri və onların valideynlərini təbrik edirəm. Yeni tədris ilinin başlaması ilə bölgələrdən Bakıya gələn tələbələrin xərcləri və xüsusilə yaşayış məsələsi illərdir aktual olan problemlərdən biridir. Sevindirici haldır ki, hər il təhsilə maraq artır və tələbə statusu qazananların sayı çoxalır. Kadr və mütəxəssis sayının artması iqtisadi baxımdan da əhəmiyyətlidir. Əvvəlki illərdə mənzil və yataqxana problemi daha qabarıq idi. İndi isə vəziyyət nisbətən fərqlidir. Rayon və kəndlərdə yaşayıb Bakıda mənzili olan və onu kirayəyə verən şəxslərin sayı kifayət qədərdir. Qeyri-statistik göstəricilərə əsasən, bu tendensiyanın artdığını da görmək mümkündür. Digər tərəfdən, yataqxanaların sayı da artıb”.
G.Hüseynovanın sözlərinə görə, son illərdə mənzillərin tələbələrə otaq və ya bir neçə nəfərlik paylaşım prinsipi ilə kirayə verilməsi də geniş yayılıb:
"Əvvəllər insanlar 2-3 mərtəbəli evlərdən əsasən öz yaşayışları üçün istifadə edirdilər. Hazırda isə 5-7 otaqlı, 2-3 mərtəbəli evlərdə bir otaqda 2-3 nəfər olmaqla kirayə qalmaq imkanları yaradılır. Əlbəttə, bütün bunlar mənzil xərci problemini tam həll etmir. Artıq universitetlərə qəbul cavabları açıqlanan andan etibarən mənzilə tələbat sürətlə artır”.
İqtisadçı yataqxanada qalmaqla kirayə evdə yaşamaq arasında xərc baxımından ciddi fərqin olmadığını bildirib:
"Tələbə yataqxanasında qalmaqla kirayə evdə yaşamağın aylıq xərclərinə gəldikdə, əslində hər ikisinin xərcləri bir-birinə yaxın ola bilər. Düşünürəm ki, əgər valideynin maddi imkanı və şərtləri imkan verirsə, daşınmaz əmlak almaq daha məqsədəuyğundur. Şəxs mənzili ipoteka və ya kreditlə alsa belə, bu, uzunmüddətli perspektivdə daha sərfəli ola bilər".
G.Hüseynova hazırda Bakıda kirayə qiymətlərinin 400 manatdan başladığını deyib:
"Kirayə qiymətləri hazırda 400 manat və üzərindədir. Yəni hər ay bu məbləği ödəməklə 4 ilin sonunda, əgər tələbə təhsil aldığı şəhərdə yaşamağa davam edəcəksə, həmin mənzilin dəyərinin artması da mümkündür. Bu baxımdan daşınmaz əmlak kapital yatırımı kimi də qiymətləndirilə bilər".
İqtisadçı bir tələbənin minimum aylıq yaşayış xərclərinin isə 500 manatdan çox olduğunu bildirib:
"Bir tələbənin aylıq yaşayış xərci onun şəxsi istifadəsindən və xərcləmə imkanlarından asılı olaraq dəyişir. Kirayə və kommunal xərclər bir nəfər üçün təxminən 200-220 manat, yol xərci 100 manat, qidalanma və digər xərclər isə minimum 250 manat təşkil edə bilər. Beləliklə, bir tələbənin minimum aylıq xərci 500 manat və daha çox ola bilər. Təhsil kapitala çevrilə biləndə həmin xərcləri amortizasiya etmək mümkündür".
Fəridə Əsədzadə