Yaxın aylarda Bakıdakı iki ali məktəbin yataqxanaları boşaldılacaq
Bütün Xəbərlər
09:32 16.01.2013
1090
Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanda qaçqın və məcburi köəkünlərin sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunub. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.AZXEBERC.COM-un məlumatına görə, bunu Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu, 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur.İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınıb, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilib, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb.Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb.Komitə sədri bildirib ki, 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. 2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülmüş, 3300 şagird yerlik 6 məktəb inşa edilib.Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.Əli Həsənov məlumat verib ki, 2012-ci ildə aşağıdakılara nail olunub:- hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir;- yoxsulluq həddi 15 faizə enib, - 2011-ci ildə 18 faiz idi;- doqquz min nəfər işlə təmin olunub;- məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti hər il artırılaraq 16 manat 50 qəpiyə çatdırılıb. Bu, 2003-cü ilə nisbətən 3,5 dəfə çoxdur;- İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və Dünya Bankının kreditlərindən 34 min məcburi köçkün bəhrələnib;- Dünya Bankının vəsaiti hesabına həyata keçirilən mikrolayihələrdən 250 min nəfər faydalanıb;- 1463 nəfər məcburi köçkün abituriyent ali məktəblərə qəbul olunub, 3 nəfər isə Prezident təqaüdünə layiq görülüb;- 240 min nəfərdən çox məcburi köçkünə tibbi xidmət göstərilib;- qaçqın və məcburi köçkünlər ölkə əhalisinə inteqrasiya olunublar;- qaçqın və məcburi köçkünlərin dünyagörüşü və intellekt səviyyələri xeyli yüksəlib;- bu yaxınlarda Dünya Bankının mərkəzi ofisində həmin Bankın bütün dünya üzrə həyata keçirdiyi 10 minlərlə layihələrin vaxtında, keyfiyyətli və şəffaf icra meyarına görə ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilib;- ötən il qaçqın və məcburi köçkünlərin 466 müraciəti əsasında keçirilən 213 məhkəmə prosesində onların hüquqlarının müdafiəsi təmin edilib, eyni zamanda, Avropa Məhkəməsinin bu məsələlərlə bağlı qərarlarının icrası yerinə yetirilib;- qaçqın və məcburi köçkünlərdən daxil olmuş 60 min yazılı və şifahi müraciətinə baxılıb və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilib;- 2003-cü ilə nisbətən müraciətlərin sayı 2 dəfə azalıb və onların əvvəlki müraciətlərinin məzmunu sosial problemlərə aid idisə, indiki müraciətlər əsasən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişənin həllinə ədalətsiz yanaşmaları barədədir.Komitə sədri deyib ki, hazırda ölkədə 49 beynəlxalq, 43 yerli humanitar təşkilatın xətti ilə məcburi köçkünlər üçün prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir: “2013-cü ildə də bu məqsədlə 575 milyon manat vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur. 237 milyon manat büdcə, 300 milyon manat Dövlət Neft Fondunun, 38 milyon manat isə beynəlxalq təşkilatların vəsaitidir. Bu vəsait imkan verəcək ki, daha 20 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılsın. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 3941 ailə və ya 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq. O cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25 binadan, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 5 mərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun “Ümid” qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələr, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binaları, Axısxa türkləri üçün 142 mənzil tikiləcək”.