25 yanvar tarixində Bakı Ali Neft Məktəbində (BANM) “Yaxın Şərqdə enerji siyasəti və gələcəyə çağırışlar” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə İraq parlamentinin deputatı Jalə Neftçi, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Türkiyə GD Global Şirkətinin rəhbəri Gözde Dizdar, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi Elnarə Qəribova və QHT nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elmar Qasımov çıxışında qeyd etdi ki, əsas məqsədimiz neft kapitalını insan kapitalı vasitəsilə daha da inkişaf etdirməkdir.
İraq parlamentinin deputatı Jalə Neftçi çıxışında ölkəsindəki mövcud siyasi durumdan bəhs edərək, Yaxın Şərqdə enerji güclərindən, bu istiqamətdə həyata keçirilən islahatlardan danışdı.
Millət vəkili Ceyhun Osmanlı bu mövzularda keçirilən görüşlərin əhəmiyyətini vurğuladı və qeyd etdi ki, ölkələrimizin dostluğu və əməkdaşlığı bundan sonra da davam edəcək.
Türkiyə GD Global Şirkətinin rəhbəri Gözde Dizdar son illər Azərbaycanın əldə etdiyi uğurlardan və hər bir sahədə gedən inkişafdan bəhs etdi.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev də çıxışında qeyd etdi ki, təhsil hər bir ölkənin gələcəyidir: “Biz gənclər təşkilatı olaraq insan kapitalına ardıcıl investisiyaları effektiv və davamlı inkişaf yolu kimi görür və neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən layihələri dəstəkləyirik”.
Daha sonra görüş qarşılıqlı diskussiya şəklində davam etdi.