Yayda bu ərazilərdə kirayə qiymətləri BAHALAŞIB

Yayda bu ərazilərdə kirayə qiymətləri BAHALAŞIB
SOSİAL
23:34 08.07.2026
373

"Yay mövsümündə kirayə bazarında ən yüksək qiymət artımı turizm və istirahət amili ilə seçilən ərazilərdə qeydə alınır".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində yerləşən Səbail, Nəsimi, Nərimanov və qismən Xətai rayonlarında kirayə mənzillərə tələbat yüksək olaraq qalır:

"Bu rayonlarda turist axını, mərkəzdə iş və xidmət sektorunun aktivliyi səbəbindən qiymətlərdə ciddi enmə müşahidə edilmir və bazar sabit qalır.

Ən nəzərəçarpan bahalaşma isə dənizə yaxın fərdi yaşayış evləri və bağ evlərinin yerləşdiyi ərazilərdə baş verir. Xüsusilə Xəzər rayonunun Mərdəkan, Buzovna və Bilgəh qəsəbələrində yay mövsümündə kirayə qiymətləri əhəmiyyətli dərəcədə yüksəlir. Eyni tendensiya Sabunçu rayonunun dənizkənarı qəsəbələrində də müşahidə olunur. Burada bağ evlərinə və mövsümi istirahət üçün nəzərdə tutulan fərdi yaşayış evlərinə tələbat artdığı üçün qiymətlər yüksəlir.

Ümumilikdə bazarın əsas xüsusiyyəti ondan ibarətdir ki, mənzil sahibləri qiymətləri aşağı salmağa maraqlı deyillər. Onlar yaxşı bilirlər ki, yaydan sonra, xüsusilə sentyabr ayında kirayə mənzillərə tələbat yenidən artacaq və qiymətlər daha da yüksələcək. Buna görə də əksər ev sahibləri qısamüddətli endirim etmək əvəzinə mövcud qiymətləri saxlamağa üstünlük verirlər".
OXŞAR XƏBƏRLƏR