Şərab sifariş edərdik,
İçərdik...
Bir az başımız fırlanar,
Əksimiz güzgüdə donardı...
- niyə uzaq oturmuşuq, gülüm?
Yaxınlaşardıq...
İçərdik,
Bir-birimizin şərəfinə.
Qarşı stolda öpüşən sevgililərə
Bir az utanıb,
Bir az da həsrətlə baxardıq...
Əllərimi tutardın...
- Əllərin niyə soyuqdur, günəşim? – soruşardın.
- Ürəyim istidir – deyib gülümsərdim.
Şərab musiqiyə qarışardı,
- Mən bir az kor kimiyəm – deyərdin.
Əllərinlə tanıyardın məni...
Kirpiklərimə toxunardın,
Gözlərimin sürməsini yaxardın...
Qaçıb bu dünyadan
İçəri şəhərin səssizliyində
Batırardıq sözlərimizi...
İndi söküblər o küçəni,
Yarıblar bağrını xatirələrimin...
Küçələrdə, sənsizliyin şərqisini
Uluyur bayquşlar...
Heç yağmır o yağışlar da...
Gedirəm, sevgilim...
Bağışla... bağışla...
YEGANƏ CANSAİL