Sev, gecələrin qaranlığını Günəş əvəzi… Axtar səmalarda ən eybəcər quşları bayquşu, yarasanı… qaranquş əvəzi. Bir gün də oğurla özgə kədərini… sevib içində əzizlə… topla insanları başına danış rəngli yuxularını, nağıl əvəzi… bir gün də sev fahişəni, oxşa saçlarını, öp əllərindən Ana əvəzi….
* * *
İnsan
Kədərimin sahilində Dəlmə-deşik Dərd qayalarında Göz yaşlarıma sallayıb ayaqlarımı Seyr edirdim səni, Atılmış, Kimsəsiz …Balıqçı toru Qatili olduğun dəniz Son ümidin Son pənahın. Cırılmış sinəndən qopan ahlar Mənim də ahım… Tanış mənzərə, İndi səni qurban edir Sabah onu. Sahibin insan- əzəldən belə…
* * *
Bax elə indi...
Burda analar, orda güllələr öpür, Uşaqların alnını... Burda oyuncaqlar, Orda avtomatlar Gülümsəyir, Əllərdə... sus... ....Sus... Bax elə indi, Uçuq evlərin arasında... bir uşaq ölür...
***
Siqaret
Qaranlıqda bir siqaret alışdırarkən Üzündəki kədərə işıq tutmaqdır, yalnızlıq… sonra anlamaqdır ki, çölə üfülədiyin, qovmağa çalışdığın, …kədər yox, elə tüstü imiş…
***
Yalnızlıq asılıb…
Şair, gecələr Bakının əsl üzü imiş Gündüzlər Bakının maskası… Yalnızlıq asılıb, Ağacların budağından, Bizə xoşbəxtlik diləyən Dilənçilərin dodağından… Şüşə arxasından boylanan Manikenlərin simasında Qadınını, keçmişini axtaran Bomjun kədərli baxışlarından… Gecələr ney çalan, Gündüzlər təkər qaraldıb Qəpik qazanan Qara bir uşağın Hüzünlü avazından… Yalnızlıq asılıb, şair… Gündüzlər gecənin qaranlıq üzüymüş… Boğulur gözlərimdə Bakı bu gün, Düşür gözlərimdən Bakı bu gün…
* * *
Buludlardan yer üzünə Qarmaq atdım... Toruma yalnızlıq düşdü.
*** İçində Sən olan, Tanrı bütüm var, Hər gecə səcdəsindəyəm...