Yeni alınan elektrik avtobusları yolda qalır – Sərnişinlər kütləvi narazıdır

Yeni alınan elektrik avtobusları yolda qalır – Sərnişinlər kütləvi narazıdır
SOSİAL
16:46 14.10.2025
359
Batareyaların tez boşalması və texniki xidmətin gecikməsi problemi dərinləşdirir.

Elektriklə işləyən marşrut avtobuslarının tez-tez yolda qalması sərnişinlərin ciddi narazılığına səbəb olur. Paytaxt sakinləri bildirirlər ki, bəzi hallarda avtobuslar marşrutun ortasında dayanaraq hərəkəti dayandırır, bu isə həm gecikmələrə, həm də nəqliyyatda sıxlığa yol açır.

Sürücülər deyirlər ki, əsas nasazlıqlar batareyaların tez boşalması və texniki xidmətin vaxtında aparılmaması ilə bağlıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, avtobusların akkumulyatorları yeni olsa da, yolda qalma halları hələ də çox müşahidə olunur:

"Yayda kondisionerlərin, qışda isə isidicilərin işləməsi akkumulyatorun gücünü azaldır. Bəzi hallarda avtobuslar düzgün şəkildə şarj olunmur. Buna görə də şarj aparatlarının sayının artırılması vacibdir.”

Ekspertin sözlərinə görə, akkumulyatorlar köhnəldikcə problemlər daha da artacaq:

"Zaman keçdikcə batareyaların ömrü azalır və bu da nasazlıqların çoxalmasına gətirib çıxaracaq. Avtobuslar A nöqtəsindən B nöqtəsinə gedib qayıtdıqdan sonra tam şəkildə şarj edilməlidir. Lakin marşrutların sayı az olduğu üçün bu, intervalların artmasına və gecikmələrə səbəb olur.”

A.Nəbiyev əlavə edib ki, hazırda hidrogenlə işləyən avtobuslar üzərində testlər aparılır və bu, gələcəkdə mövcud problemləri azalda bilər:

"Hidrogenlə işləyən avtobusların sınaqları gedir. Əgər bu sistem tətbiq olunsa, yolda qalma halları əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin qarajlarda avtobusların tam şarj olunmasına ciddi nəzarət edilməli, generatorlardan müvəqqəti həll variantı kimi istifadə oluna bilər.”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR