Son günlər sosial şəbəkələrdə yeni kiberdələduzluq üsulunun yayıldığı müşahidə olunur. Belə ki, bəzi istifadəçilərin profil məlumatlarında (bio hissəsində) saxta fişinq keçidləri yerləşdirilir.
Həmin keçidlər ilk baxışdan "TikTok” və ya digər məşhur platformalara aid kimi görünsə də, əslində istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıya bilər.
Məlumatlara görə, istifadəçi belə bir keçidə daxil olduqda arxa planda "TikTok” videosuna bənzər görüntü açılır, ön planda isə kameraya giriş icazəsi tələb olunur. İcazə verildikdən sonra istifadəçinin görüntüsünün qeydə alınaraq qarşı tərəfə ötürüldüyü iddia edilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Babək Həmidov bildirib ki, şəxsin razılığı olmadan onun məlumatlarının əldə edilməsi qanunvericiliyə ziddir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququnu təmin edir:
"Bu hüququn pozulması Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyət yaradır. Həmin maddə şəxsi və ailə həyatının toxunulmazlığını, eləcə də şəxsi və ailə sirrini qoruyur. Buraya şəxsi məlumatlar, foto və video görüntülər də daxildir.
Şəxsin razılığı olmadan onun telefonuna daxil olaraq məlumatların əldə edilməsi, yayılması və ya satılması qanunla qadağandır. Bu əməli törədən şəxslər 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilərlər”.
Vəkil qeyd edib ki, bəzi hallarda daha ağır cəzalar da nəzərdə tutulur:
"Əgər məlumatlar vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə əldə olunarsa və ya pilotsuz uçuş aparatları vasitəsilə şəxsin foto və video görüntüləri toplanarsa, bu, ağırlaşdırıcı hal hesab olunur. Belə hallarda şəxs 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilə və ya 2 ilədək müddətə azadlıqdan məhrum oluna bilər”.
Şəhanə Ziyad











































