Qurban bayramında bunları etmək lazımdır - İlahiyyatçı ilə müsahibə

Qurban bayramında bunları etmək lazımdır - İlahiyyatçı ilə müsahibə
SOSİAL
12:36 25.05.2026
857
Qarşıdan Qurban bayramının gəlməsi ilə ölkədə hazırlıqlar daha da geniş vüsət alıb. Şəhər və rayonlarda insanlar bu müqəddəs günə xüsusi təmtəraqla hazırlaşır, bazarlarda canlanma müşahidə olunur. 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə bayramla bağlı fətvasını açıqlayaraq Qurban ibadətinin qaydaları, vaxtı və dini hökmlər barədə ictimaiyyətə məlumat verib. Bayram ərəfəsində həm dini, həm də sosial hazırlıqların artması diqqət çəkir, ailələr isə bu əlamətdar günü birlik və paylaşma ruhunda keçirməyə hazırlaşır. 

AZXEBER.COM Qurban bayramı ilə əlaqədar İlahiyyatçı Hacı Eldayaq Hüseynovdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:


-Eldayaq bəy, qurban kəsmək kimlərə vacib sayılır?

-Qurban kəsən şəxs mütləq müsəlman olmalıdır. Həmin şəxs ağıllı və həddi-büluğa çatmış olmalıdır. Ən vacib şərtlərdən biri də maddi imkanın olmasıdır. Maddi imkanı çatmayan şəxsin borc alaraq və ya özünü çətin vəziyyətə salaraq qurban kəsməsi tövsiyə edilmir. 

-Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir?

-İlk növbədə heyvan sağlam olmalıdır. Xəstə, topal, çox zəif və ya ciddi fiziki qüsuru olan heyvanların qurban kəsilməsi düzgün hesab edilmir. Məsələn, qulağı və ya quyruğu kəsilmiş, buynuzu ciddi şəkildə zədələnmiş heyvanların qurbanlıq olması uyğun sayılmır. Heyvanların yaş həddi də vacibdir. Qoyun və qoç ən azı 6 aylıq olmalıdır. Keçi üçün minimum yaş 1 yaş hesab edilir. İri buynuzlu heyvanlar- inək, öküz, camış və dəvə isə daha böyük yaşda olmalıdır.Qurbanlıq heyvanın erkək və ya dişi olması fərq etmir. Cəmiyyətdə bəzən yalnız qoçun kəsilməsinin doğru olduğu düşünülür, lakin şəriətdə belə bir məcburiyyət yoxdur.

-Qurban bayramında hansı ibadətlər edilir?

-Qurban bayramında ilk olaraq bayram namazı qılınır. Bayram namazından sonra qurbanın kəsilməsi tövsiyə olunur. Həmin gün dua etmək, zikr çəkmək, Quran oxumaq və sədəqə vermək savab əməllərdən sayılır. Eyni zamanda, qohumları ziyarət etmək, xəstələrlə maraqlanmaq, küsülüləri barışdırmaq və ehtiyacı olan insanlara yardım etmək də tövsiyə edilən əməllərdəndir. Bayram sevincini başqaları ilə bölüşmək İslamda mühüm dəyərlərdən hesab olunur. Əgər biz işimizlə bağlı yaxınlarımızı ziyarət edə bilmiriksə, adi telefon zəngi ilə könülləri xoş etmək olar. 

-Qadınlar qurban kəsə bilərmi?

-Qadınlar da qurban kəsə bilər. İslamda qurban ibadətinin yalnız kişilərə aid olması ilə bağlı bir hökm yoxdur. Qadın özü qurban kəsə və ya başqasına kəsdirə bilər. Hətta gündəlik həyatda da qadının "Bismillah” deyərək heyvan kəsməsi caiz hesab olunur və həmin ətin yeyilməsi də halaldır.

-Bir qurbana neçə nəfər şərik ola bilər?

-İri buynuzlu heyvanlarda - inək, camış, öküz və dəvə kimi heyvanlarda 7 nəfərə qədər şəriklik mümkündür. Amma qoyun və keçi yalnız bir nəfərin adından kəsilə bilər. Yəni iki nəfərin birlikdə bir qoyunu qurban kəsməsi düzgün hesab edilmir.

-Qurban əti necə bölünməlidir?

İslam qaydalarına görə, qurban əti əsasən üç hissəyə bölünür. Bir hissəsi ailə üçün saxlanılır, 
bir hissəsi qohum və qonşulara paylanır, digər hissəsi isə ehtiyacı olan insanlara verilir. 

-Kəsim olmadan yalnız ianə etmək və ya sədəqə vermək qurban ibadətini əvəz edirmi?

-Qurban ibadətində əsas şərt heyvanın qurban niyyəti ilə kəsilməsidir. Qurbanlıq heyvanı sadəcə ət almaq və satmaq məqsədilə kəsmək düzgün sayılmır. Əgər bir neçə nəfər birləşərək pul toplayır və bir qurbanlıq heyvan alıb onu niyyətlə kəsib öz aralarında bölürlərsə, bu caiz hesab olunur. Məsələn, yeddi nəfər birləşib dana alır və qurban niyyəti ilə kəsərək paylayır.
Lakin qurban niyyəti ilə kəsilən heyvanın ətini sonradan alqı-satqı məqsədilə satmaq düzgün deyil.

-Hansı şəxslərin qurban qəbul olunmur? 

-Qurban ibadətinin qəbul olunması insanın iman və niyyətinə bağlıdır. Əgər bir şəxs Allahı qəbul etmir, müsəlman deyilsə və ya İslamın əsas qaydalarına əməl etmirsə, onun etdiyi ibadət qurban sayılmır və qəbul olunmuş ibadət kimi dəyərləndirilmir. Yəni əsas şərt iman və şəriət qaydalarına riayət etməkdir. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR