Son günlər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xəstələrin qeydiyyatı ilə bağlı yaranan problem elektron səhiyyə sistemlərinin dayanıqlılığı məsələsini yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə travmalı xəstələrin qeydiyyatdan keçmək üçün uzun növbədə gözlədiyi görünür. Bildirilir ki, qeydiyyatın onlayn sistem üzərindən aparılması zamanı yaranan problem xəstələrin qeydiyyat prosesini ləngidib və nəticədə tibb müəssisəsində sıxlıq yaranıb.
Xüsusilə travma almış insanların ağrı içində qeydiyyat üçün uzun müddət gözləməsi narazılığa səbəb olub.
Maraqlıdır, dünyanın müxtəlif ölkələrində sistemlər sıradan çıxdıqda xəstələrin uzun növbələrdə qalmaması üçün hansı mexanizmlərdən istifadə olunur?
AZXEBER.COM məsələni araşdırıb.
Sinqapur
Sinqapurda səhiyyə müəssisələrində qeydiyyat və növbənin idarə olunması üçün HealthHub adlı rəqəmsal platformadan istifadə olunur. Xəstə həkim qəbuluna əvvəlcədən vaxt götürə, qəbul günü isə mobil tətbiq vasitəsilə öncədən qeydiyyatdan keçərək növbə nömrəsi əldə edə bilir. Daha sonra növbəsinin vəziyyətini telefonundan izləmək mümkündür.
Burada diqqətçəkən məqam isə rəqəmsal sistemin fiziki qeydiyyatı tamamilə əvəz etməməsidir. Mobil qeydiyyat mümkün olmadıqda xəstələr qeydiyyat şöbəsinə və ya özünəxidmət terminallarına müraciət edə bilirlər.
Yəni elektron sistemdə problem yaranması xəstənin qeydiyyatsız qalması ilə nəticələnməməlidir.
Estoniya
Estoniya səhiyyənin rəqəmsallaşdırılması sahəsində daha geniş model tətbiq edir. Ölkədə Digital Health Booking System vasitəsilə vətəndaş müxtəlif tibb müəssisələrində mövcud qəbul vaxtlarını bir platformada görə, həkimə vaxt götürə, rezervasiyanı dəyişə və ya ləğv edə bilir. Lakin burada da rəqəmsal kanal yeganə seçim deyil. Vətəndaş həkim qəbuluna telefonla və birbaşa tibb müəssisəsinin qeydiyyat şöbəsi vasitəsilə də müraciət edə bilir.
Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaş bir texniki sistemdən asılı vəziyyətdə qalmır.
Böyük Britaniya
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində (NHS) xəstələrin qəbul və göndərişlərinin elektron idarə olunması geniş tətbiq edilir. Lakin NHS-də elektron sistemlərin sıradan çıxa biləcəyi də nəzərə alınır.
2024-cü ilin iyulunda baş verən qlobal İT nasazlığı zamanı Böyük Britaniyada səhiyyənin bəzi elektron xidmətlərində problemlər yaranmışdı. Belə hallarda tibb müəssisələrində alternativ prosedurlardan istifadə olunub. Bəzi proseslər müvəqqəti olaraq kağız üzərində aparılıb, telefon əlaqəsindən istifadə edilib və əl ilə yazılan tibbi sənədlərdən yararlanılıb.
Bu təcrübə bir məqamı göstərir: rəqəmsal səhiyyənin gücü yalnız sistemin işləməsində deyil, sistem işləmədikdə xidmətin davam etdirilə bilməsindədir.
Avstraliya
Avstraliyada Healthdirect platforması vətəndaşlara müxtəlif səhiyyə xidmətləri, onların ünvanları, iş saatları və bəzi hallarda onlayn qəbul imkanları barədə məlumat verir.
Ölkənin bəzi bölgələrində virtual səhiyyə xidmətlərindən də istifadə olunur. Vətəndaş əvvəlcədən onlayn qeydiyyatdan keçir və virtual gözləmə xəttinə daxil olur. Daha sonra tibb işçisi onun vəziyyətini qiymətləndirərək hansı xidmətə ehtiyac olduğunu müəyyənləşdirir.
Beləliklə, xəstənin tibb müəssisəsinə getməzdən əvvəl məlumat alması və uyğun xidmətə yönləndirilməsi mümkün olur.
Dünyada növbə yoxdur?
Əslində, dünyanın inkişaf etmiş səhiyyə sistemlərində də növbə və gözləmə müddətləri mövcuddur.
Fərq ondadır ki, bir sıra ölkələrdə növbənin idarə olunması üçün əvvəlcədən elektron qeydiyyat, mobil qeydiyyat, elektron növbə nömrəsi, müxtəlif müraciət kanalları və sistemin dayanması halında alternativ prosedurlar tətbiq edilir.
Bu baxımdan problem yalnız "elektron sistem niyə işləmir?” sualı ilə məhdudlaşmır.
Əsas məsələ sistem işləmədikdə xəstənin nə etməsidir. Çünki rəqəmsallaşmanın məqsədi xəstənin qeydiyyat prosesini asanlaşdırmaq, vaxt itkisini və fiziki növbələri azaltmaqdır.
Fəridə Əsədzadə











































