Azərbaycanda kəsimxanalarda iribuynuzlu heyvanların kəsiminə subsidiya və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bildirilir ki, bu addım həm sahibkarların fəaliyyətinin dəstəklənməsinə, həm də qida təhlükəsizliyi və sanitariya standartlarına uyğun kəsim prosesinin genişləndirilməsinə xidmət edəcək.
Təşəbbüsün qeyri-rəsmi kəsimlərin azalmasına, bazarda şəffaflığın artmasına və ət sektorunda nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsinə şərait yaradacağı gözlənilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, hökumətin bu addımı qeyri-qanuni kəsimlərin azalmasına müsbət təsir göstərəcək.
"Qəssablar və ət satıcıları uzun müddətdir qiymət artımını kəsim məntəqələrində yaranan əlavə xərclərlə əlaqələndirirlər. Həmin məntəqələrdə tətbiq olunan ödəniş və rüsumlar son nəticədə istehlakçının üzərinə düşür. Hər heyvana görə alınan rüsumların ləğvi və ya azaldılması müəyyən dərəcədə ətin qiymətinə də təsir göstərə bilər”, – deyə o qeyd edib.
E.Hüseynovun sözlərinə görə, bu təşəbbüs küçələrdə və qeyri-qanuni yerlərdə heyvan kəsiminin qarşısının alınmasına da kömək edə bilər.
"Heyvan kəsdirmək istəyən vətəndaşlar rəsmi kəsim məntəqələrindən daha rahat istifadə edəcəklər. Dünyanın bir çox ölkəsində olduğu kimi, bu addım küçələrdə və qeyri-qanuni məkanlarda heyvan kəsiminin qarşısının alınmasına töhfə verə bilər. İndiyədək aidiyyəti dövlət qurumları və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilatlar bu istiqamətdə müxtəlif tədbirlər həyata keçiriblər. Lakin hələ də tam arzuolunan nəticələr əldə olunmayıb”, – deyə birlik sədri vurğulayıb.
Eyyub Hüseynov hesab edir ki, oxşar dəstək mexanizmləri balıq idxalı sahəsinə də tətbiq olunmalıdır.
"Son dövrlər balığın qiymətində ciddi artım müşahidə olunur və bu, istehlakçılar tərəfindən də hiss edilir. Halbuki bazarda balığa tələbat artmaqda davam edir. Buna görə də balıq idxalı ilə məşğul olan sahibkarlara müəyyən vergi güzəştlərinin və digər dəstək tədbirlərinin tətbiqi məqsədəuyğun olardı”, – deyə o əlavə edib.
Şəhanə Ziyad











































