Yeni tikilən mənzillər ipotekaya düşsə, evlərin qiyməti artacaq
İQTİSADİYYAT
08:16 17.10.2012
2111
Ölkədə mənzil tikintisi azalıb. Rəsmi açıqlamalara görə, son 9 ayda ümumi sahəsi 1 197.8 000 kv.metrlik yeni yaşayış evləri inşa olunub istifadəyə verilsə də, bu ötən ilin analoji dövrü ilə müqayisədə 11,4% azdır. Ekspertlər isə hesab edir ki, yaşayış evlərinin ümumi sahəsinin azalmasına əsas səbəb tikinti sahəsində rentabelliyin aşağı düşməsi, şirkətlərin maliyyə problemləri yaşaması və əhalinin yeni tikililərə tələbatının az olmasıdır.Hazırda Yeni Yasamal massivi, Əhmədli, Günəşli qəsəbəsi və Xırdalan şəhəri də daxil olmaqla, yarımçıq tikililərin sayı 40,45 % təşkil edir.Yeni tikililərdə evlərin kvadrat metri köhnələrdən az qala 2 dəfə aşağı olsa da, əhalinin ilkin bazara tələbatı azdır. Məsələn, yeni tikililərdə mənzilin bir kvadrat metri təxminən orta qiymətlə 650 manatdırsa, köhnə tikililərdə bu rəqəm 1100 manata çatır. Buna səbəb isə köhnə tikililərin mərkəzdə və təmirli olması, həmçinin tikinti bazarında göydələnlərdəki mənzillərin əksəriyyətinin rəsmi qaydada reyestrə alınmamasıdır. Daşınmaz əmlak bazarında sənədsiz evlərin sayı sənədli evlərin sayından daha çoxdur. Yeni tikililərin kommunal xərclərinin çoxluğu və işıq-qaz, liftlə təmin olunmaması da tələbatın azalma səbəblərindəndir.Statistikaya görə, il ərzində Bakı üzrə təkrar bazarda 700, 800 mənzil satıldığı təqdirdə, ilkin mənzil bazarında bu rəqəm 200-250 arasında dəyişir. İqtisadçı-ekspert Nüsrət İbrahimov deyir ki, alıcı marağının azaldığını görən tikinti şirkətləri indi daha çox qeyri-yaşayış sahələrinə və dövlət sifarişlərinə üstünlük verir. Onlar bu yolla öz maliyə problemlərini həll etməyə çalışır.