Turan İBRAHİMOV Türkiyədə baş verən hər bir hadisənin ölkəmizdə cəmiyyətin bütün təbəqələri tərəfindən olduqca diqqətlə izləndiyi danılmaz bir reallıqdır. Və bu da bir faktdır ki, Türkiyə reallıqlarını olduğu kimi, ideoloji yanaşmalardan uzaq bir şəkildə anlamamız olduqca çətindir. Bunun bir çox səbəbləri var. İlk olaraq izlədiyimiz Türkiyə mediasıdır. Onlar da birmənalı şəkildə siyasi və ideoloji qütblərə bölünür. İkincisi isə, ölkəmizdə Türkiyə məsələlərinə toxunan şəxslərin böyük qisminin istinadı obyektiv-şəxsi araşdırmalar yox, məhz Türkiyə mediasıdır. Bir sözlə, yetərincə səthidir. Türkiyənin son 9 ili bütün dünyada diqqətlə izlənir. Bu 9 ilin siyasi və ideoloji yanaşmalardan kənar analizi əslində bir çox məqamları anlamamıza imkan verir. Amma bu son 9 ildəki bütün hadisələri - Türkiyənin qonşularla sıfır problem siyasətindən tutmuş, İsraillə münasibətlərinin heç bir vaxt olmadığı qədər gərgin duruma gəlib çıxmasına qədər. Tanınmış qəzetçi-jurnalistlərin həbsindən tutmuş, yüksək ranqlı məmurların, iş adamlarının və ordu mənsublarının həbsinə qədər. Daxili ictimai-siyasi, iqtisadi və sosial problemlərlə qovrulan bir durumdan regional oyunçuya çevrilmək iddialarına qədər olan müddəti anlamanın yolu isə Türkiyənin cümhuriyyət tarixi adlanan yeni tarixini bilməkdən, analiz etməkdən keçir.Bu gün baş verənlərin mahiyyətində duran hadisə məhz 1952-ci ildə yaşandı. Yəni Türkiyənin NATO-ya üzv olması ilə. NATO-ya üzvlük hansı tarixi labüdlükdən doğdu? Düşünürəm, bu, tarixlə, geopolitika ilə maraqlanan hər kəsə məlumdur. Soyuq müharibə adlanan tarixi prosesin, ABŞ-SSRİ qarşıdurmasındakı hərbi və siyasi bloklaşmanın tələbi bunu istər ABŞ üçün, istərsə də Türkiyə üçün zərurətə çevirdi. Ordunun Türkiyə dövlətçiliyinin qorunub saxlanmasındakı müstəsna rolu cümhuriyyətin qurulma tarixi ilə olduqca əlaqəlidir. Çünki Türkiyə Cümhuriyyətini hərbçilər qurmuşdur və Türkiyə Cümhuriyyətinin siyasi, mədəni inqilablarını da məhz hərbçilər hazırlayıb tətbiq etmişdir. Deməli, bütün bunların davamlı bir şəkildə sürüb oturuşmasında ordunun nəzarətçi rolu mütləq lazım idi. Bir sözlə, Atatürk ideya və islahatlarının Osmanlı sonrası Türkiyədə oturuşması üçün ordu daima sapmaların qarşısını almalı, əsas siyasi və ideoloji xətdən çıxan məqamları korrektə etməli idi. Bütün bunlar Türkiyə Cümhuriyyətinin Konstitusiyası ilə də açıq bir şəkildə təsbit edilmişdi. Ordu Türkiyədə həm də siyasi bir çəkiyə malik idi. NATO-nun hərbi blok olması baxımından bu tarixi proses ən çox Türkiyə ordusunun təyinatına təsir etdi. Türkiyədə ordunun onsuz da güclü olan dayaqlarını daha da gücləndirdi. Türkiyə ordusunun bu müstəsna durumu sözsüz ki, həm də bir çox baxımdan məhz ABŞ-ın, Qərbin diqqətindən yayına bilməzdi. Yayınmadı da. Artıq Türkiyəni lazım olan səviyyədə saxlamaq, idarə olunan şəklə gətirmək olduqca real və rahat idi. NATO standartlarına yüksəltmək adı altında aparılan texniki və kadr islahatları zamanla Türkiyə ordusunu ABŞ-ın təsirinə daha çox saldı. Və bu proseslərin sistemli bir şəkildə aparıldığı sonrakı tarixi hadisələrlə öz təsdiqini tapdı.Türkiyənin NATO-ya üzvlüyü ilə çoxpartiyalı-demokratik siyasi həyata keçmə tarixləri də demək olar eyni dövrə düşür. Çoxpartiyalı siyasi sistemin tələbi isə azad seçkiləri labüd edirdi. On illərlə davam edən CHP iqtidarı ilk seçkilərdəcə sona çatdı. CHP-dən ayrılmış şəxslər tərəfindən qurulan Demokrat Partiyası (DP) səslərin böyük çoxluğunu alaraq iqtidara gəldi. Daha sonra DP-nin təsisçilərindən Cəlal Bayar prezident, başqanı Adnan Menderes isə baş nazir oldu. Bu hadisədən sonra Türkiyənin həm daxili, həm də xarici siyasətində o dövr üçün alışılmamış bir canlanma meydana gəldi. Xalq tərəfindən böyük dəstək alan DP bir sıra xarici siyasətlə bağlı addımlar atdı ki, bunlar başda ABŞ olmaqla Qərb tərəfindən olduqca narahatlıqla qarşılandı. Çünki Türkiyə getdikcə daha çox müstəqil, balanslaşdırılmış siyasət aparmağa başlayırdı. Bu isə Qərb üçün soyuq müharibə kontekstində heç də arzuolunan bir gedişat deyildi. Həmçinin o zaman üçün, NATO-nun effektli fəaliyyətinin Türkiyədəki təminatçısı olan CHP-nin dayaqları da aparılan iqtisadi və sosial islahatlar nəticəsində getdikcə zəifləyirdi. İkinci dəfə də seçkilərdən DP-nin zəfərlə çıxaraq hökumət qurması CHP-nin seçki yolu ilə iqtidar olmasını mümkünsüzləşdirirdi. Bütün bunlar hərbi müdaxiləni qaçılmaz edən olduqca narahat bir vəziyyət yaratdı. Bunun üçün isə konkret bəhanələr istehsal etmək, ictimai rəy formalaşdırmaq lazım idi. Bunu edəcək bütün vasitələr xeyli vaxt idi artıq qurulmuşdu. Mediadan tutmuş, ayrı-ayrı ziyalılara, iş adamlarına, siyasətçilərə qədər. Üstəlik, artıq orduda kilid yerlərdə qismən də olsa, əsas şəxslər Avro-Atlantik məkana inteqrasiyanın alovlu tərəfdarı olan, Qərbi, ABŞ-ı tək patron görən şəxslər idi. Və nəticədə 1960-cı il hərbi çevrilişini etməmək üçün heç bir problem qalmırdı. Hərbi müdaxilə edildi, DP qapadıldı, liderləri həbs edilərək mühakimə olundu. Başda Adnan Menderes olmaqla bir neçə əsas fiqur hətta edam edildi. Bu hərbi çevrilişin Türkiyəni sözün əsil mənasında tormozlaması qısa zaman keçdikdən sonra hər kəs tərəfindən etiraf edilərək mühakimə olunanların bəraət almasına qədər gətirib çıxardı. Bəzilərinin bəraətləri isə, təəssüf ki, edamlarından sonra oldu... Doğrudur, bu tarixi yanlış o zaman öz obyektiv siyasi qiymətini almadı. Bu hərbi çevrilişin səbəbinin Türkiyənin müstəqil və böyük dövlət olmaq cəhdinin Qərb-NATO tərəfindən, onun Türkiyə daxilində formalaşdırdığı “dərin dövlət” vasitəsi ilə törədildiyi etiraf edilmədi. Amma bunun belə olduğu bu gün baxıldığında açıq-aydın görünür.Türkiyənin NATO- ya üzvlüyündən sonra ordunun Atatürk prinsip və islahatlarının qoruyucusu funksiyası ilə yanaşı bir də yeni bir missiyası ortaya çıxdı: kommunist müdaxilədən qorunmaq, xaos və anarxiyanı önləmək. Bu missiyanı isə orduya təbii ki, ölkəni idarə olunan bir durumda saxlamaq istəyən ABŞ və Qərb verdi desək yanılmarıq. Bunu daha sonrakı tarixi hadisələr də təsdiqləyir. Türkiyənin məhz 1980-ci ilə qədər olan daxili prosesləri bugünkü hadisələrin özülünü qoydu. Həmin dövr Türkiyə tarixinə sağ-sol qarşıdurmaları, siyasi hakimiyyətin ölkəyə nəzarət imkanlarının minimum səviyyəyə düşməsi ilə damğasını vurdu. Süleyman Dəmirəlin Adalet Partiyasının qurduğu hökumətin 1971-ci il əskəri müdaxiləsi(askeri muhtıra) ilə süqutundan sonra ölkədə siyasi böhran daha da böyüdü. Zəif koalisiyon hökumətlər bir-birini əvəzlədi. Türkiyənin o dövrünü qısaca təsvir etsək “Süleyman hep başbakan” ifadəsi yetərli olardı. Sovet İttifaqına-Varşava paktına simpatiya duyan sol siyasi təmayüllü qüvvələrin getdikcə daha güclü vəziyyətə gəlmələri Qərbi narahat etməyə bilməzdi. Bu üzdən də çoxdandır ABŞ-ın buyruğundakı “dərin dövlət”, türk “Qladio”su əlindəki bütün resurslardan istifadə edərək daxili qarışıqlığı daha da alovlandırdı. Nəticədə ordu xaosu önləmək bəhanəsi ilə gedişatı lazım olan səmtə qaytarmaq üçün növbəti müdaxiləni, hərbi çevrilişi gecikdirmədi. Və Türkiyənin demokratik təbii inkişafının önü bir daha kobudca alındı. Daha sonrakı siyasi proseslər isə Türkiyəni əsasən kiçik region dövləti olaraq saxlamağa yönəlmiş hadisələrlə yadda qaldı. Amma bununla yanaşı həmin dövr Türkiyədə sağ-mərkəz siyasi qüvvələrin mütəşəkkil formalaşması və getdikcə güclənməsi ilə də yadda qalır. Həmçinin 1990-cı illərə doğru Sovet İttifaqının zəifləməsi, Varşava paktının getdikcə parçalanmağa doğru getməsi də göz önündə tutulmalıdır. Məhz sağ-mərkəzin güclənməsində bu faktorun rolu danılmazdır. Sağ-mərkəz siyasi qüvvələrin içindən isə artıq Türkiyənin müsəlman-şərq dövlətləri ilə inteqrasiyasını tələb edən kəsimin səsi daha çox yüksəlməyə başlayırdı. Lakin “dərin güclərin” həddindən artıq təsirli olduğu bir dövrdə maksimum Turqut Özal fiquru yüksələ bilərdi ki, o da oldu...Sovet İttifaqının süqutu ilə kommunist təhlükənin ortadan qalxması Türkiyədə Şərqə yönəlik müstəqil siyasət meylli güclərin önünü açdı. Qərbə Türkiyəni əhatə dairəsində saxlamaq üçün yeni “təhlükələr” lazım idi ki, ordu Qərbin dostu olan əsgərlərin vasitəsi ilə lazım olan vaxtda lazım olan “dur” işarəsini verə bilsin. Bu “təhlükə” isə uzun zamandır hiss olunmağa başlayan siyasi-İslam oldu. Artıq ordunun olduqca ali bir missiyası var idi. Cümhuriyyətin dünyəvi quruluşuna qarşı yönələ biləcək bütün təhdidləri önləmək, “gerici” və “yobazların” dövləti ələ keçirməsinin qarşısını almaq. Bu səbəbli hərbi müdaxilə 1996-cı ildə yaşandı. “28 şubat” adlanan, post-modern çevriliş də deyilən proses. Başda media olmaqla bir çox QHT və dərnəklərin apardığı ictimai rəy əməliyyatı ilə ordunun Rifah-Yol hökuməti üzərindəki basqıları təbii, lazımlı görünməyə başladı və hökumət istefaya məcbur edildi. O dövrün ən sevilməyən, Türkiyəni xilafətə çevirmək istəyən “təhlükəli adamı” isə Nəcməddin Ərbakan oldu. Bu hadisənin ardınca bir-birini əvəzləyən hökumət böhranlarına bir də iqtisadi böhran əlavə oldu, Türkiyə cümhuriyyət tarixində heç vaxt olmadığı qədər acınacaqlı bir vəziyyətə düşdü. Bütün bu proseslərin təbii nəticəsi olaraq, qadağan olunan Rifah Partiyasından ayrılan siyasətçilərin qurduğu AKP hər şeydən və hər kəsdən bezmiş xalqın əsasən protesto səsləri ilə, ilk seçkilərdə iqtidara gəldi və məlum, şahidi olduğumuz proseslərin əsasını qoydu.Keçmişdən gələn bir çox hadisələri dəqiq analiz və təsbit edən AKP hökumətinin ilk etməli olduğu iş iqtisadi islahatlar aparıb ölkəni daxili gərginlikdən qurtarmaq oldu. Ardınca isə ən önəmli şeyi, ölkənin demokratikləşməsinin önünü kəsən “dərin güclərin” təsirini azaltmağa yönəlik addımları başlatdı. Bu addımlar mediadan tutmuş orduya qədər böyük bir sahəni əhatə edən olduqca riskli bir prose idi. Bu proses öz müsbət töhfələrini verdikcə Türkiyənin səsi region və dünya çapında daha yüksək çıxmağa başladı. Artıq Türkiyə içinə qapalı kiçik dövlət imicində qalmaq fikrində deyildi. Bu isə başda ABŞ olmaqla Qərbi, daha sonradan proseslərə qoşulmasına baxmayaraq uzun zamandır Türkiyədə böyük maraqları olan İsraili dinc qoya bilməzdi. Türkiyə daxili təmizlənmədən keçməklə, dövlət içində dövlət funksiyasını yerinə yetirən “dərin dövlət”lə üzləşməklə bərabər, həm də öz dini-etnik problemləri ilə üzləşmək məcburiyyətində qaldı(kürd,ələvi). Halbuki, sözügedən problemlərin bu cür dolaşıq vəziyyətdə qalmasında da məlum dövlətlər və onların daxildəki əlaltıları müstəsna rol oynamışdılar. Uzun-uzadı təfərrüatlara varmadan, qısaca qeyd etmək lazımdırsa deməliyik ki, günümüzdə Türkiyədə baş verənlər Qərb və İsrailin özünəməxsus işğalından qurtulmaq üçün göstərilən müqavimətdir. Bu müqavimət öz bəhrəsini verməkdədir. Təbii ki, bütün sancılarına, qüsurlarına və sıxıntılarına baxmayaraq. Bu prosesi birmənalı olaraq mənfi hal kimi ictimai rəyə sırımaq istəyən dairələr məhz adı çəkilən güclərin təsir imkanlarının yox olmasını istəməyən kəsimlərdir. Türkiyədə baş verənlər əslində daşların yerinə oturmasıdır. Dostların dost, düşmənlərin isə düşmən görünməsidir. Artıq Türkiyə dövləti ona düşmən olan dairələrin maşaları, marionetkaları ilə yox, birbaşa özləri ilə hesablaşan bir duruma iddialıdır və buna da nail olur. Artıq Türkiyə var olma, gününü keçirmə taktikaları ilə yox, böyük dövlət olma, maraqlarını təmin etmə və qoruma strategiyaları ilə yaşayır. Bəli, təlatümlü, sarsıdıcı zamanlardan keçir. Amma yerində saymır, öz yağında qovrulmur. Onun üçün yazılan qədəri yox, özünün yazdığı qədəri yaşamağa çalışır. Bir sözlə, Türkiyə öz içində olan bütün yad əlləri, bəzən sağlam orqanlarını da qismən zədələmək hesabına, cərrahi müdaxilə ilə kəsib atır...