“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ

“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
SOSİAL
15:15 02.10.2025
237
Mağazalarda satılan bəzi kərə yağı və balıq kürülərinin süni şəkildə hazırlanması artıq heç kimə gizli deyil. Ucuz qiymətə təqdim olunan bu məhsulların mənşəyi və keyfiyyəti isə suallar doğurur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə süni ərzaqların uzunmüddətli istifadəsi müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda 20 ilə yaxındır süni kürü istehsal olunur:

"Bu, müəyyən texniki şərtlərlə həyata keçirilir və qanuni istehsaldır. Uzun müddət həmin kürü qablarının üzərinə nərə balığının şəklini çəkirdilər. İstehlakçıların aldadılmaması üçün Azad İstehlakçılar Birliyi iş apardı və nəticədə nərə balığının şəklini qabların üzərindən götürməyə nail olduq. Həmçinin qabın arxa tərəfində süni kürü olduğu qeyd edildi. 

Onu da əlavə edim ki, Rusiyadan da Azərbaycana süni kürü idxal olunur. Onun da üzərində nərə balığının şəkli var. Azərbaycanı "kürü ölkəsi” kimi tanıyan xaricilər elə bilirlər ki, ucuz kürü alırlar. Əslində isə bu, tamamilə süni kürüdür, balıqla heç bir əlaqəsi yoxdur”.

Birliyin sədri deyib ki, süni kürü, eyni zamanda, təbii kürü bazarını da çirkləndirir:

"Çox vaxt toy mərasimlərində və digər yerlərdə süni kürü təbii kürünün əvəzinə verilir. Onları bir-birindən ayırmaq isə asan deyil. Əsl təbii kürünü sıxdıqda içərisindən xüsusi bir maye çıxır”.

Ekspert qeyd edib ki, kürü bütün dünyada baha qiymətə satılır:

"1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Bakı üzərindən təxminən yeddi ton qara kürü gömrük tərəfindən aşkarlanmış və təyyarədən tullandığı üçün dənizə, hətta şəhər üzərinə yayılmışdı. Hazırda isə kürü çox baha qiymətə satılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun artıq 15 ildən çoxdur ki, soyuducusunda cəmi 100 qram kürü belə yoxdur. İnsanların təbii kürü əldə etməsi çox çətin vəziyyətdədir, baxmayaraq ki, Azərbaycan "kürü ölkəsi” hesab olunur”.

Eyyub Hüseynov əlavə edib ki, yağlarla bağlı da daim şikayətlər var: 

 "Yeni Zelandiya yağları ilə bağlı problemlər daim gündəmdədir. Təxminən 15 il əvvəl Gürcüstandan saxta Yeni Zelandiya yağlarının gətirildiyi də müşahidə olunmuşdu. Hazırda bir neçə firma Yeni Zelandiyadan yağ idxal edir. Mən yalnız bir dəfə Yeni Zelandiyaya səfərim zamanı orada istehsal olunan "Vest Gold” kərə yağı zavodunda olmuşam. İnəklərin ilboyu açıq havada saxlandığının şahidi oldum. Qış yemi ilə bağlı proseslər barədə məlumat aldım və məhsulların Azərbaycanda necə markalanmasına baxdım. Müəyyən iradlarımı da bildirdim. Məlum oldu ki, "Vest Gold” yağları Yeni Zelandiyada istehsal olunur, orada qablaşdırılır, daha sonra Poti limanına, oradan isə Bakıya gətirilir və ölkədə satılır”.

O, vurğulayıb ki, bəzi firmalar Yeni Zelandiyadan gətirilən yağları 25-50 kq-lıq böyük qablaşdırmada alıb burada kiçik hissələrə bölərək satışa çıxarırlar:

"Qida Təhlükəsizliyi Agentliyinin çox güman bu məsələləri araşdırır. Amma digər firmaların bunu araşdırıb-araşdırmaması Azad İstehlakçılar Birliyinə məlum deyil. Bundan başqa, bazarlarda "kənd yağı”, "nənəmin nehrə yağı” adı altında satılan ucuz məhsulların kərə yağı ilə əlaqəsi yoxdur. Onlar əslində vaxtı keçmiş marqarin və bitki yağlarının qarışdırılmasından hazırlanaraq,  "yağ” kimi bazara çıxarılır. Marketdə yağ alarkən əlinizə bərk gələn məhsul daha çox təbii kərə yağı olur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR