Yevlaxda sürücü Nəqliyyat Nazirliyinin müfəttişini döydü

Bütün Xəbərlər
08:55 25.12.2010
1922

Bakı-Qazax magistralının Yevlax rayonu ərazisindən keçən hissəsində 3 saylı Yolların Mühafizəsi Xidmətinin əməkdaşı ilə "Kamaz" markalı avtomobilin sürücüsü arasında insident yaşanıb. Nəticədə sürücü müfəttişə küt alətlə ağır bədən xəsarəti yetirib. Sonuncu isə aldığı zərbədən sonra Yevlax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Müfəttiş Gündüz Əliyev xidməti vəzifəsini yerinə yetirərkən 09 BC 032 dövlət nömrə nişanlı "Kamaz" markalı yük maşınının sürücüsü Bərdə sakini Rəis Vəliyevlə mübahisəsi olub. Şahidlərin sözlərinə görə, müfəttişin Rəis Vəliyevin daşıdığı yükün şəklini çəkməsi sürücünün xoşuna gəlməyib. Ona görə də avtomobildə olan dəmir parçası ilə Gündüz Əliyevə bir neçə zərbə endirib. 
Hadisənin şahidi olmuş digər müfəttiş Sahib Hacıyev hadisəni belə danışdı: "Bakı istiqamətində saxladıq. Əlində "montirovka" ilə gəldi. Öncə istədi aparatı qırsın. Aparatı mən götürdüm. Nalayiq söyüşlər söyürdü. Bizim yoldaş gəldi ki, niyə söyürsən. Götürdü "montirovka" ilə vurdu".

Müfəttiş Yevlax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Həkimlər xəstənin həyatına təhlükə olmadığını desə də, xəsarətin ciddiliyini vurğulayıblar. Zərərçəkmiş Gündüz Əliyev hələ də hadisənin şokundadır. O baş vermiş olayı yaxşı xatırlamır: "4-5 dəfə mənə "montirovka" ilə zərbə ebdirdi. Birini sol budumdan, birini isə ayağımdan vurdu. Başıma dəyəndə isə, çökdüm aşağı, ondan sonra bilmədim nə oldu".

Qeyd edək ki, müfəttişə xəsarət yetirən şəxs hadisə yerindən qaçıb. Yevlax polisi onun kimliyini müəyyən etsə də, saxlamağa müyəssər olmayıb.

Kəpəz TV

 

OXŞAR XƏBƏRLƏR