Yol polisi hüquqşünası idarəyə dəvət edib, problemi həll etdi

Yol polisi hüquqşünası idarəyə dəvət edib, problemi həll etdi
SOSİAL
13:16 26.08.2016
1541
Tanınmış hüquqşünas Ələsgər Məmmədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə çağırılıb.
Bu haqda AZXEBER.COM-a məlumat verən hüquqşünas deyib ki, onu ötən gün yazdığı statusa görə idarəyə çağırıblar:
"Dünən Bakı Baş Yol Polis İdarəsindən hörmətli polkovnik Vaqif Əsədov zəng edərək, məsələni araşdırmaq üçün idarəyə dəvət etdi.
Bu gün idarədə oldum. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Əlövsət Şamilov və Vaqif Əsədovla bir saata yaxın müzakirə etdik və problem öz həllini tapdı. Odur ki, burdan həm sosial şəbəkədə bu məsələni aktuallaşdırıb, ictimailəşdirən dostlara, həm də bu xəbərlə operativ reaksiya verib dərhal araşdıran və yüksək səviyyədə, hörmətlə məni qəbul edib, dinləyən və həll edən Əlövsət müəllimlə, Vaqif müəllimə təşəkkür edirəm. Ümid edirəm ki, belə problemlər ümumiyyətlə olmayacaq və biz daha ciddi məsələlərimizin həllinə daha çox vaxt sərf edəcəyik".
Qeyd edək ki, hüquqşünas ötən gün belə bir status paylaşmışdı:

”İşdən dönərkən şəkildə görünən bu 336 nömrəli YPX maşını Şərifzadədə küçəsindəki Azpetrolun yanındakı işıqforda saxlamağımı əmr etdi. İşıqforun altında saxlamanın qanunsuz olduğunu bildiyimə baxmayaraq, əmrə tabe oldum, maşını saxladım və qəza vəziyyəti yaratmayım deyə maşını bir az geri verərək, Azpetrolun çıxışına çəkdim. Amma gördüyünüz kimi, YPX maşını tam işıqforun altında saxlayaraq, “xidmət” göstərməyə davam etdi. YPX maşınından enən şəkildəki şəxs silsilə qanun pozuntusuna yol verdi.

- Qanunvericiliyin “Nəqliyyat vasitələrinin dayandırılması minimal müddətə və hərəkət üçün maneə yaratmayan yerlərdə həyata keçirilməlidir”- tələbini kobud pozaraq, işıqforun altında məni dayandırdı;

- Özünü təqdim etmədi, israrla tələb etdikdə adının Rüfət Kərimli olduğunu dedi;

- Yaxa nömrəsi yaxasında olmadan xidmət apardığını irad tutdum- nömrəsinin olmadığını dedi və kinayəli ifadələrlə şikayət edərsən dedi. Halbuki qanunvericiliyin tələbinə əsasən “Münaqişəli vəziyyətlər, iddiaların yarandığı halda və ya yol hərəkəti iştirakçılarının tələbi ilə əməkdaş döş nişanının nömrəsini bildirir və əlindən verməmək şərti ilə xidməti vəsiqəsini təqdim edir, hüquqlarını və hərəkətlərindən şikayət edilməsi qaydasını izah edir, vətəndaşa yazılı formada öz narazılığını bildirməyi təklif edir. Bütün bunlar barədə inzibati hüquq pozuntuları haqqında protokolda qeyd aparılır və əlavə tərtib edilmiş materiallar əsas materiala (protokola) əlavə olunur;

- Qayda pozuntusuna yol vermədiyim halda (İşıqforun yaşıl işığında baş yolda hərəkət etdiyim halda, 2-ci dərəcəli yoldan çıxan maşına yol vermədiyimi) əsas gətirərək qayda pozduğumu iddia etdi;

- Həmin hadisə yerindən 1 km sonra məni saxladığını irad bildirdim, kameraya düşmüsən dedi və protokol tərtib edəcəyini bildirdi, israrla hansı qanunun hansı maddəsini pozduğumu izah etməsini tələb etdim, mənə bir broşur çıxarıb, bir müəllifin fikirlərini oxumağa başladı. Ona izah edəndə ki, bu müəllifin yazdığı fikirlərlə məni inzibati məsuliyyətə cəlb edə bilməzsən, protokolda qanunun müddasını, İXM-nin maddəsini göstərməlisən və mənə elan etməlisən. Adamın qanundan xəbəri olmadığı bəlli oldu.

- Qanunvericiliyə əsasən: ”Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır-dedim və mənin kameraya düşdüyü halda hansı əsasla 1 km sonra məni dayandırdığını sorğuladım, cavab verə bilmədi.

Sonda nə edəcəyini də bilməyib, qaçarcasına maşınına getdi və sadəcə mənə elektron protokol göndərəcəyini dedi. İndi mən məcburam ki, bu şəxsi Məhkəmə vasitəsi ilə təkrar tapım, iş-gücümü bir kənara atıb, bir YPX əməkdaşını daha məhkəmə salonlarında hüquqi marifləndirim. Bunları xidmətə buraxan rəisləri görəsən nə düşünür? Bir cəhddə bu qədər qanun pozan məmuru nə deyə işdə saxlayır?

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR