Yol polisi tanınmış müğənninin maşınını əlindən aldı

MAQAZİN
13:30 12.09.2012
3037
Dünən axşam saat 11-12 aralarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tanınmış gənc müğənni Coşqun Viləşin idarə etdiyi "Range Rover" markalı avtomaşını saxlayıb. Buna səbəb isə müğənninin avtomaşını tranzit nömrə ilə idarə etməsi və həmin nömrənin müddətinin başa çatması olub. Müğənni, DYP əməkdaşlarına bildirib ki, nömrəni yeniləməməyinin səbəbi yaxın qohumlarından birinin yas mərasiminə getməsi və buna görə də, nömrə məsələsi ilə maraqlanmağa vaxtının olmaması ilə bağlıdır. O buna görə yol polisinə üzrxahlıq etsə də, DYP əməkdaşları onun avtomaşını əlindən alaraq, "20 Yanvar" dairəsi yaxınlığındakı müvəqqəti dayanacağa aparıblar. Bundan hiddətlənən gənc müğənni, heç bir qayda pozuntusu etmədiyini, avtomaşının əlindən alınmasına görə yuxarı instansiyalara şikayət edəcəyini bildirib: "Yol polisi mənə deyir ki, axşam vaxtı tranzit nömrə ilə maşın sürmək olmaz. Axı bu hansı qanunda yazılıb?" - deyə, müğənni əməkdaşımızla söhbətində bildirib. Onun sözlərinə görə, maşın bir gecə dayanacaqda saxlanılıb. Onu saxlayan DYP əməkdaşı müğənini tanıdıqdan sonra kömək edəcəyini bildirsə də, sonradan Coşqun Viləşdən külli miqdarda "cərimə" istənilib: «Mən də dedim ki, Daxili İşlər Nazirliyinə şikayət edəcəm. Mətbuata, telekanallara geniş məlumat verəcəyimi bildirdim. Lakin bu gün tezdən mənə zəng edib dedilər ki, gəl, maşını apar. Mən də gedib maşını çıxardım. Düzdür, pul almadılar. Amma hələ də bir şeyi başa düşmürəm. Onlar nəyə görəsə məndən dönə-dönə «heç yana şikayət» etməmisən» deyə, soruşurdular. Mən də dedim ki, xeyr, şikayət etməmişəm". /// publika.az

OXŞAR XƏBƏRLƏR