Bölgələrdə məktəblər bağlanacaq?
Məlum olduğu kimi, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunur.
Digər bölgələrdə isə yalnız yoluxma qeydə alınan məktəblərdə dərslər müəyyən müddətlik distant təhsilə keçid edir.
Bəs yoluxma dinamikası bu cür davam edərsə, bölgələrdə də bütün məktəblər bağlana bilərmi?
Təhsil üzrə ekspert Kamran Əsədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bölgələrdəki məktəblərin əyani davam etməsi yoluxma dinamikasına ciddi təsir etmir:
"İlk növbədə qeyd edim ki, 5 şəhərdə dərslərin distant təhsilə keçməsinin səbəbi həmin ərazilərdə yoluxmanın kəskin şəkildə artması idi. Həmin şəhərlərin məktəblərində çox böyük sayda şagird var və şagird sıxlığı müşahidə olunurdu. Təkcə Bakı məktəblərində 440 minə yaxın şagird oxuyur, bu da ölkə əhalisi şagirdlərinin böyük bir hissəsini təşkil edir. Bu səbəbdən iri şəhərlərdə məktəblərin bağlanması normal bir addım idi.
Amma bögələrdə belə deyil. Hazırda əyani dərslərin davam etdiyi rayonlarda məktəb sayı kifayət qədər azdır. Hər bir kənddə bir məktəb var və o da ümumi yoluma statistikasına ciddi şəkildə təsir göstərmir. Bizim elə bölgələrimiz var ki, orada 18-20 məktəb var. Bu da az olduğu üçün yoluxmaya o qədər də təsir etmir.
Yalnız yoluxma müşahidə olunan məktəblərin müəyyən müddətə bağlanması ola bilər. Mən düşünürəm ki, birmənalı şəkildə biz həmin ərazilərdə tam şəkildə məktəblərin bağlanmasını görməyəcəyik”.
Kamran Əsədov onu da qeyd edib ki, əyani təhsil dayandırılan şəhələrdə distant təhsil üçün kifayət qədər şərait var:
"Onu da diqqətə çatdırım ki, əyani təhsilin dayandığı şəhərlərdə alternativ təhsilalmanın təşkili üçün alətlər var. Yəni bu şəhərlərdə internetə çıxış imkanı kifayət qədərdir. Eyni zamanda şagirdlər arasında komputer, planşeti olanlar çoxdur. Bu da imkan verir ki, şagirdlər distant təhsildən yararlansınlar.
Bölgələrdə isə xüsusən ucqar rayon və kəndlərdə internet imkanları məhduddur. Buna görə də şagirdlərin alternativ təhsilalma imkanları azdır”.
Aydın Nuri