Keniyalı idmançı Culios Yeqo Çinin paytaxtı Pekində keçirilən yüngül atletika üzrə dünya çempionatında nizəatma yarışlarında qalib olub. Yeqo nizəni 92,72 metr uzağa atıb.
Keniyalı idmançı etiraf edib ki, o, nizə atmağı özü öyrənib. O, bunun üçün `Youtube` video portalında Olimpiya çempionu Andreas Torkildisin çıxışlarını izləyib.`Mənim məşqçim yoxdur. Mənim motivasiyam daxildən gəlir. Məşqçisiz məşq etmək elə də asan deyil`, – deyə o, 2013-cü ildə verdiyi müsahibəsində bildirib.Məşqçi tapmağın çətinliyini Yeqo belə izah edib: `Keniyada hamı qaçışla məşğul olur. Ona görə də idmanın başqa növü üzrə məşqçi tapmaq olduqca çətindir`.Qeyd edək ki, Culios Yeqo 2010-cü ildən etibarən milli və beynəlxalq yarışlarda iştirak etməyə başlayıb. Ümumafrika Oyunlarında qalib gəldikdən sonra isə onun fin məşqçisi olub. 2012-ci il London Olimpiyadasında 12-ci yeri tutub.Hazırda Keniya millisi Pekində keçirilən dünya çempionatında qızıl medalların sayına görə liderdir.