Bakı Şəhər Halqasında 10-cu yubiley Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib. Əsas yarışın startından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AZXEBER.COM xəbər verir ki, Himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.
Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.
Bir neçə saat sonra yubiley Azərbaycan Qran-Prisinin qalibi bəlli olacaq. 51 dövrəlik gərgin mübarizənin sonunda pilotlardan biri podiumun ən yüksək pilləsinə qalxaraq Azərbaycan Qran-Prisinin əsas kubokunu başı üzərinə qaldıracaq.
Qeyd edək ki, kubokun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu” kimi tanınmasını simvolizə edir. Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, Formula 1-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.
Məlumat üçün bildirək ki, Formula 1-in əsas yarışı 15:00-da başlayıb.











































