“Təhsil Nazirliyi tərəfindən Azərbaycanda peşə təhsili müəssisələrində çalışan pedaqoji kadrların təhlili aparılıb və maraqlı faktlar ortaya çıxıb”.
Təhsil Nazirliyinin peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ilk-peşə ixtisas təhsilinin gələcək inkişaf istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada deyib ki, təhlillər bu gün peşə təhsili müəssisələrində çalışan təqribən 4000 minə yaxın pedaqoji heyəti əhatə edib.
Nazirlik rəsmisi qeyd edib ki, təhlillər nəticəsində 30 yaşa qədər olan işçilərin sayının 600-ə yaxın olduğu müəyyənləşib. Onun sözlərinə görə, 60 yaşdan yuxarı olan pedaqoji heyətin sayı isə təqribən 400-ə yaxındır: “30-60 yaş arasında olan müəllimlərin, ustaların sayı çoxluq təşkil edir və təhlil onu göstərir ki, onların 60%-i sovet dövründə təhsil alan insanlardır. Onların cəmi 2200-ü ali təhsillidir. Digərləri isə orta ixtisas, peşə təhsilli insanlardır. Hətta orta təhsilli olan insanlarda var ki, onların hansı yollarla peşə məktəblərinə yol tapması və hazırda işləməsi məlum deyil. Amma biz 2014-cü ildən başlayaraq attestasiya keçirilməsi planlaşdırılır. Ümumi təhsil səviyyəsində müəllimlərin qiymətləndirilməsi və attestasiyası ilə əlaqədar qaydalar hazırlanır. Bizim yanaşmamıza görə bu gün əmək bazarında ixtisaslı kadr hazırlamaq üçün gərək peşə məktəblərinə yaxşı usta cəlb edəsən, ona yaxşı əmək haqqı verəsən.
Ən azından onun məktəbdə aldığı əmək haqqı, tikintidə və ya restoranda aldığı əmək haqqından az olmamalıdır. Biz peşə təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin artırılmasında maraqlıyıq”.
N. Məmmədov qeyd edib ki, 4 min müəllimin hər birinin eyni səviyyədə maaş alması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, müəllimlər akkreditasiyadan keçiriləcək, onların təhsil imkanları müəyyənləşdiriləcək: “Bundan sonra kimsə yüksək əmək haqqı almaq istəyirsə, akkreditasiyadan və ixtisasartırma kurslarından keçməli olacaq. Yalnız bu prosesləri keçən müəllimləri yüksək əmək haqqı ilə təmin edilməyə hazır olacağıq. Biz çalışacağıq ki, onların alacağı əmək haqqı əmək bazarında mövcud olan əmək haqqından aşağı olmasın”.
Daha sonra peşə təhsili sahəsində mövcud olan problemlərdən, həyata keçiriləcək yeniliklərdən, qarşıda duran məsələlərdən danışan Təhsil Nazirliyinin peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və informasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistləri maraqlandıran sualları cavablandırıb.