"Neftçi" futbolçuları öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacaqlar.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XIII turunda "Zirə"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:
"Futbolçularımızın oyuna yanaşmaları çox xoşuma gəldi. Matçı iki hissəyə bölsək, ilk hissə tamamilə bizim nəzarətimiz altında keçdi. Erkən qol vurduq, amma bir neçə epizoddan da faydalana bilmədik. İkinci hissədə isə 15-20 dəqiqə bərabər səviyyəli oyun alındı. Sonra futbolçularımız qol buraxmamaq üçün daha çox müdafiədən oynadılar. Qələbə hesabını qoruya bildik ki, bu da bizim üçün çox vacib idi. Komandamızın hər bir üzvünə minnətdaram ki, böyük əmək sərf edib, qalib gəldilər. Əgər öz üzərlərində belə işləməyə davam etsələr, biz daha gözəl oyun nümayiş etdirib daha yaxşı nəticələr qazanacağıq".
Qeyd edək ki, "Neftçi" - "Zirə" görüşü "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.











































