Yuxarı sinif şagirdləri niyə dərsə gəlmir? - Nəzarət güclənməlidir

Yuxarı sinif şagirdləri niyə dərsə gəlmir? -  Nəzarət güclənməlidir
SOSİAL
13:05 29.10.2026
219
"Elm və Təhsil Nazirliyi məktəblərlə bağlı nəzarəti gücləndirməlidir. Yəni vahid məktəbli məsələlərində güclü nəzarət olduğu kimi, digər məsələlərdə də güclü nəzarət olmalıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ilə bağlı müəyyən problemlər mövcuddur:


"Bizdə xüsusən də yuxarı sinif şagirdlərinin dərslərə vaxtında gəlməsi və dərslərdə iştirakı ilə bağlı müəyyən problemlər var. Düzdür, Elm və Təhsil Nazirliyi müəyyən addımlar atır, amma bu, təkcə onların işi deyil. Cəmiyyət və digər təşkilatlar da Elm və Təhsil Nazirliyinə kömək etməlidirlər. Çünki bunlar bizim övladlarımızdır. Onların gələcəyi həm də Azərbaycanın gələcəyi deməkdir. Biz sanki cəmiyyət, bələdiyyələr, ağsaqqallar, din xadimləri, ziyalılar və kütləvi informasiya vasitələri olaraq uşaqlarımızı TikTok-a tapşırmışıq. TikTok-u virtual dayəyə çevirmişik. İnterneti, sosial şəbəkələri virtual dayəyə çevirmişik. Bu da ona gətirib çıxarıb ki, uşaqlar özlərinə nümunə kimi "vor zakon”ları, lotuları götürürdülər”.

Aydın Xan Əbilov bu məsələdə pedaqoji yanaşmaların da rolunun olduğunu bildirib:

"Ondan əvvəl də bu, həm də pedaqoji elmimizin səhvi idi. Koroğlu, Qaçaq Nəbi kimi mövcud sistemə qarşı üsyan qaldırmış şəxslər var idi. İndi Koroğlu, deyək ki, ədəbi obrazdır. Amma sovet dövründə qaçaqların təbliğ edilməsi məsələsi var idi. Qaçaqlar da o dövrün rəsmi sisteminə qarşı üsyana qalxmış lotular idi. Biz onları qəhrəman səviyyəsinə qaldırdıq, onlar haqqında filmlər çəkildi, əsərlər yazıldı. Bunlar uşaqların beyninə və milli kodumuza həkk olundu.

Halbuki dünyanın digər xalqlarına baxanda görürük ki, onların məktəbliləri indi kosmosu fəth edən, nanotexnologiya ilə məşğul olan və yaxud dronlar istehsal edən şəxsiyyətlərə çevrilirlər. Son illərdə süni intellekt sahəsində varlanan insanların böyük əksəriyyəti 18 yaşdan aşağı yeniyetmə və gənclərdən ibarətdir.  Təəssüf olsun ki, Azərbaycanda nə qədər ki nağıllar, quldurlar, bəylərə qarşı üsyan edən qaçaqlar orta məktəb dərsliklərində saxlanılır, amma elmi-fantastik əsərlər, iqtisadi-sosial məsələləri özündə ehtiva edən və sivil şəxsiyyətlər formalaşdıra bilən əsərlər təqdim edilmir, bir o qədər də belə hadisələr baş verəcək”.

"Şəxsiyyət və lider kimi formalaşan məktəblilər sinif yoldaşlarını irəli aparırlar, dərslərini yaxşı bilirlər və digərlərinə də kömək edirlər. İndi biz böyük əksəriyyəti virtual maniaklardan ibarət olan, test və əzbərçiliklə məşğul olan, yarıhibrid, yarıcanlı şagirdlər görürük. Uşaqlarımızın gözlərinin içinə baxın, şüşə kimidir. Uşaqların beyninə sosial şəbəkələr və internet vasitəsilə birbaşa xarici qüvvələr, eyni zamanda onların daxildəki əlaltıları sanki radio dalğaları göndərirlər”,-deyə o bildirib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR