Öz dediklərini təkzib edən, hər kəsi "yalançı" çıxaran Mübariz Mənsimova verilməyən suallar

Öz dediklərini təkzib edən, hər kəsi "yalançı" çıxaran Mübariz Mənsimova verilməyən suallar
SOSİAL
15:56 10.05.2022
5624
"Palmali” şirkətinin rəhbəri, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun sonuncu müsahibəsində səsləndirdiyi fikirlər yenə də cəmiyyət arasında birmənalı qarşılanmayıb. Əslində, bu Mənsimov üçün yeni hal deyil, bundan öncə də verdiyi müsahibələr, dediyi fikirlər, səsləndirdiyi ittihamlar sərt reaksiyalara səbəb olmuşdu. Ancaq Mənsimovun bu dəfəki müsahibəsi daha geniş rezonans doğurdu. Bəlkə də bu dəfə yalanları daha çox olduğuna görə...
 
Sosial şəbəkələrdəki paylaşımlarda Mübariz Mənsimovun həqiqətən uyğun olmayan fikirlər səsləndirdiyi, özünə aid olmayan mövzulara münasibət bildirdiyi bildirilir. Hətta müsahibədə o qədər qalmaqallı fikirlər yer alıb ki, Mənsimov öz dediyi sözləri sonradan təkzib etməyə məcbur qalıb. 
 
Belə ki, Mənsimov bir müddət öncə gəmilərindən birinə adını verdiyi Əbülfəz Elçibəy haqda "bir heçdir" sözünü işlədib. Belə olan təqdirdə ortaya sual çıxır: O zaman nəyə görə Elçibəyə gəmi adı verirdi? Bu "like" yığmaq üçün bir addım idi yoxsa səmimi sevgi? Mənsimov səmimi olmadığını son müsahibəsində etiraf etmiş oldu. Sosial mediada kəskin tənqidlərdən sonra isə dilinin sürüştüyünü dedi və üzrxahlıq etdi. 
 
Əbülfəz Elçibəyin Mənsimovun gəmisinə ehtiyacı yoxdur, ancaq faktdır ki, Mənsimov kimlərinsə dəstəyini almaq üçün bu addım atmışdı, sonradan isə əsl mahiyyətini ortaya qoymuş oldu. 
 


Məlumat üçün deyək ki, Mübariz Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. 2015-ci ilin sonlarından isə mediada "Palmali” şirkətinin maliyyə cinayətləri ilə bağlı qalmaqallı xəbərlər yayılmağa başladı.
 
Qeyd edilirdi ki, Mənsimovun Rusiya dövlətinə külli miqdarda vergi borcu var. Onunla bağlı rəsmi cinayət işi isə 2016-cı ilin əvvəlində açıldı və şirkət 1,3 milyard rubl vergidən yayınmaqda günahlandırılırdı. Növbəti illərdə isə məsələ daha da böyüməyə başladı və Mübariz Mənsimovun digər məsələlərdə də saxtakarlıqla məşğul olması xəbərləri daha çox yayıldı.
 
2020-ci ilə martın 16-da Azərbaycan əsilli milyarder, biznesmen Mübariz Mənsimovun Türkiyədə saxlanıldığı xəbəri yayıldı. 
 
Həmin vaxtlar azərbaycanlı deputatlar da məsələyə münasibət bildirmişdi və onun əməlləri haqda danışılmışdı.
 
Məsələn, son illər Mübariz Mənsimovun müəyyən iqtisadi layihələri çox uğursuzluqla yekunlaşdığını söyləyən deputat Cavid Osmanovu münasibəti bu cür idi: "Nəticədə isə onun çoxlu sayda borc öhdəlikləri yaranıb. Rusiya mətbuatından da aldığımız məlumatlar onu göstərir ki, Rusiyada həm dövlət büdcəsindən yayınmalarla bağlı faktlar olub, həm nəhəng şirkətlərdən borclanıb qaytarmadığı faktları olub. Bu da onun həbs olunmasında böyük rol oynayıb. Bu da onun layihələrinin iqtisadi əsaslandırılmasının zəif olduğunu göstərir”.
 
Həssas mövzuları manipulyasiya alətinə çevirən Mənsimov güclü pr meneceridir, özünün reklamı üçün pulları səpələyir, yanına gələnləri əliboş göndərmir.
 
Bu gün isə ona veriləcək çoxlu suallar var.
 
Suallardan birini jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkə vasitəsilə Mənsimova ünvanlayıb, ancaq suala cavab yoxdur. Jurnalist yazır: 
 
Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan bəzi şəxslərin adını əbədiləşdirmək istiqamətində addımlar atır.
Özünə məxsus olan gəmilərə şəhidlərin adını verir. Onun bu addımı təqdirəlayiqdir. Çünki canını vətən yolunda fəda edən şəhidlərimiz bundan da böyük diqqət və ehtirama layiqdir. Ancaq mən düşündürən bir sual var.
Təəssüf ki, həmin suala heç Mübariz Mənsimovun media işlərinə məsul olan şəxslər də cavab vermir. Şəhidlərin adını daşıyacaq gəmilər yeni tikilib, yoxsa əvvəl olub, sonra adını dəyişiblər?
Gəmilərin adını dəyişirlərsə, zəhmət olmasa, əvvəlki adının nə olduğu ilə bağlı ictimaiyyətə ətraflı məlumat versinlər!
 
Başqa bir sual isə belədir: Mənsimovun Sedat Peker sevgisinin kökündə nə dayanır? Türkiyədə mafiya babası kimi tanınan şəxslə onun nə əlaqəsi var? Nəyə görə Mənsimov "Lotu Quli"ni aşağılayıb, Pekeri göylərə qaldırır? 
 
Daha bir qaranlıq məqam isə Mənsimovun ermənilərlə iş birliyidir. Mediada bununla bağlı silsilə araşdırmalar aparılıb, ancaq bu günə qədər tutarlı cavab verilməyib. İş adamı pafosdan kənara çıxıb, bu ittihamlara normal cavab versəydi, söhbət bu qədər uzanmazdı. Əgəe cavabı varsa...
 
Mənsimov müsahibələrində vətənpərvərlikdən, dostluqdan, vicdandan danışır. Bəs necə olur ki, yanında olan adamlar, ən yaxın silahdaşları ondan üz çevirir? Necə olur ki, hər kəs xəyanətkar, satqın olur, təkcə Mənsimov düz? Ən yaxın silahdaşları, biznes ortaqları, ona arxa olanlar sonra nəyə görə ondan uzaqlaşırlar? Bu sualları düşünmək də lazımdır. 
 
Mübariz Mənsimov 2016-cı ildə SOCAR-la əməkdaşlığı pozulduqdan sonra nəyə görə birdən-birə müxalifətçi kimi görünməyə çalışdı? Əvvəllər keçmiş MTN naziri Eldar Mahmudovun atasının adını gəmiyə verən Mənsimov 30.01.2019-cu ildə Əbülfəz Elçibəy, 07.08.2019 Məmməd Əmin Rəsulzadə tankerlərini niyə istismara verir? Əgər səmimidirsə, bunu əvvəldən niyə etmirdi?

Suallar çox olsa da, elə Mənsimovun mətbuata verdiyi açıqlamalar yalınz özünə sərf edən mövzulardadır. Buna səbəb isə yalnız özünü düşünməsidir. 

Cəmiyyət arasında Mənsimova qarşı münasibətin də son vaxtlar kəskin dəyişdiyi faktdır, onun ittihamlarıın daha hansı yerlərə gələcəyini və onun son aqibətinin necə olacağını isə təbii ki, zaman göstərəcək.
 
Altay Qorxmaz
OXŞAR XƏBƏRLƏR