Azərbaycanın erməni işğalı altında olan Zəngilan rayonuna Suriya və Ermənistandan ailələr köçürülür. Azadlıq radiosunun Ermənistan xidmətinin saytında yerləşdirilmiş kadrlarda Zəngilanda xaraba qoyulmuş Azərbaycan kəndlərinin görüntüləri ilə yanaşı, bu ərazilərə köçürülən insanların təsərrüfatları yer alıb.
Videoreportajda Zəngilanda məskunlaşan erməni ailələri bildirirlər ki, onları bura köçürən Ermənistan hökuməti yardım göstəriləcəyinə dair söz verib. Yaxın Şərqdən bura köçürülən ermənilər yardımı ala bilməsələr də, Zəngilanın münbit torpaqları və əlverişli iqlimi onları razı salıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, ATƏT-in bu qiymətləndirici missiyasının həyata keçirdiyi işin çərçivəsində, həm də qeyri-qanuni məskunlaşmalarla bağlı olan faktların araşdırılması daxildir:
“Biz ümid edirik ki, missiyanın açıqlaması dərc olunandan sonra, yəni işıq üzü görəndən sonra bu faktlara növbəti dəfə aydınqlıq gətiriləcək. Azərbaycan tərəfinin bu məsələdə mövqeyi, bir daha təkrar edirəm ki, dəyişilməz olaraq qalır. Belə bir məskunlaşmalar qeyri-qanunidir və heç vaxt qanuni hesab oluna bilməz".
/Anspress