Bakının bəzi ərazilərində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində yeni layihələr həyata keçirilir.
Zabrat–Maştağa–Bağlar istiqamətində dəmir yolu xəttinin yaradılması ilə bağlı ərazidə hazırlıq işlərinə başlanılıb. Layihə çərçivəsində dəmir yolu xəttinin keçəcəyi ərazilər müəyyənləşdirilir, plana düşən tikililərlə bağlı işlər aparılır.
Yeni dəmir yolu xəttinin istifadəyə verilməsi ilə həmin ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadəsinin genişlənməsi və paytaxtın əsas yollarında, xüsusilə pik saatlarda yaranan nəqliyyat sıxlığının azalması gözlənilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, relsli nəqliyyat sisteminin inkişaf etdirilməsi ümumilikdə ölkənin nəqliyyat infrastrukturunun gücləndirilməsinə xidmət edir:
"Ümumiyyətlə, nə qədər çox relsli nəqliyyat sistemi infrastrukturu yaradırıqsa və onu ölkənin nəqliyyat sisteminə daxil ediriksə, bir o qədər nəqliyyat sistemini gücləndirmiş oluruq. Eyni zamanda, sərnişindaşınmanı da təkmilləşdirmiş oluruq. Çünki relsli nəqliyyatın digər nəqliyyat vasitələri ilə kəsişən yolları yoxdur. Quru nəqliyyat sistemində, məsələn, avtobus və digər ictimai nəqliyyat vasitələrinin hərəkət etdiyi yollarda kəsişmələr mövcuddur. Relsli nəqliyyatın isə sabit və ayrıca hərəkət yolları var. Bu nəqliyyat vasitələri tıxac və digər maneələr səbəbindən dayanmaq məcburiyyətində qalmır, birbaşa hərəkət edir".

Ekspert qeyd edib ki, müxtəlif ictimai nəqliyyat sistemlərinin inkişaf etdirilməsi ilə yanaşı, şəhərin mövcud infrastrukturu da buna uyğunlaşdırılmalıdır:
"İstər metro, istər avtobus, istərsə də metrobus sisteminin tətbiqi çox yaxşıdır. Lakin bunun üçün şəhərin prospektləri və infrastrukturu da buna imkan verməlidir. Vaxtilə Bakı şəhərində bu istiqamətdə müəyyən işlər görülüb. Bakı şəhərində yaxşı tramvay yolları vardı. Təəssüf ki, onlar dağıdıldı və aradan qaldırıldı. İndi bunun əziyyətini çəkirik".
İ.Hüseynlinin sözlərinə görə, Zabrat–Maştağa–Bağlar istiqamətində yeni dəmir yolu xəttinin yaradılması nəqliyyat sıxlığına müəyyən qədər müsbət təsir göstərə bilər:
"Sözsüz ki, bu, yol sıxlığına müəyyən qədər təsir göstərəcək və müsbət nəticə verə bilər. Bir şərtlə ki, ictimai nəqliyyatdan istifadə təşviq olunsun. Əgər biz bu infrastrukturu yaradacağıqsa, lakin insanlar yenə də şəxsi avtomobilləri ilə şəhərə axın edəcəklərsə, heç bir irəliləyiş olmayacaq. Əksinə, mövcud yol zolaqlarının bir qismini də ictimai nəqliyyat üçün ayırmalı olacağıq".
Ekspert vurğulayıb ki, yeni dəmir yolu xəttinin səmərəli fəaliyyət göstərməsi üçün onun digər nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi də mühüm əhəmiyyət daşıyır:
"Həmin dəmir yolu üzərində qurulan nəqliyyat infrastrukturu üçün digər nəqliyyat vasitələri ilə əlaqələndirilmiş sistem yaradılmalıdır. İnsanların bir nəqliyyat vasitəsindən digərinə rahat keçidi təmin olunmalıdır. Bu halda dəmir yolu xəttindən istifadə edən sərnişinlərin sayı arta və şəxsi avtomobillərdən asılılıq müəyyən qədər azala bilər".
Fəridə Əsədzadə











































