Fəzail Ağamalı müavinini partiyadan çıxarılacağını anons etdi
Avqustun 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Ümid Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən partiya sədri İqbal Ağazadənin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb. MSK açıq səsvermə yolu ilə İ.Ağazadənin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
MSK sədri Məzahir Pənahov isə deputatlar-Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ana Vətən Partiyası sədrinin müavini Zahid Orucun 9 oktyabr prezident seçkisində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdikləri barədə məlumat verib.
Bununla da prezidentliyə namizədliyini irəli sürmək üçün sənədlərini MSK-ya təqdim edənlərin sayı 11-ə çatıb.
Hələlik onlardan yalnız YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyev üçün imzatoplama kampaniyasına start verilib.
Avqustun 14-də isə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu barədə modern.az saytına Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib.
Milli Şura üzvünün sözlərinə görə, R.İbrahimbəyovun Azərbaycanda olmaması seçki sənədlərinin MSK-ya verilməsinə problem yaratmır.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.
“Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsi partiyanın 6-cı qurultayının qərarına ziddir. Bununla bağlı qərarımız olacaq. Biz bu məsələyə biganə yanaşa bilmərik”.
Bunu teleqraf.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı partiya Ali Məclisinin üzvü, millət vəkili Zahid Orucun prezidentliyə namizədliyi üçün MSK-ya müraciətinə münasibət olaraq bildirib.
Qeyd edək ki, avqustun 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. MSK sədri qeyd edib ki, MDHP-nın sədri Fərəc Quliyev, millət vəkili Zahid Oruc prezidentliyə namizədliyinin qeydə alınması üçün MSK-ya müraciət edib.
F.Ağamalı bildirib ki, partiyada Z.Orucun hərəkəti araşdırılacaq: “İndidən hansı addımların atılacağını deyə bilmərəm. Zahid Oruc Azərbaycan vətəndaşı olaraq prezidentliyə namizədliyini irəli sürə bilər. Amma o, AVP üzvü olaraq partiya qarşısında məsuliyyət daşıyır”.