Türkiyədə "Zaman" qəzetinin qarşısında polislə etirazçılar arasında ciddi toqquşma olub. Qeyd edək ki, bu günlərdə Türkiyə hökuməti "Zaman" qəzetini qəyyumluq idarəçiliyinə verərək faktiki olaraq nəşri nəzarət altına alıb. Bu barədə artıq prokurorluqdan xüsusi qərar da var.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən bildirir ki, iddiaçı tərəf qəzetin ABŞ-da yaşayan imam Fetullah Gülen ilə bağlılığından şübhələnir. "Zaman" qəzeti təmsilçiləri isə bildirir ki, hökumətin təyin etdiyi qəyyumlar nəşrin əmlakının müsadirə edəcəklər.
Qəzet əməkdaşları və onların tərəfdaşları artıq neçə vaxtdır ki, redaksiya qarşısına toplaşıblar. Onlar polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq dağılmaq istəmirlər. Bu zaman hadisə yerinə Türkiyə çevik polis alayı cəlb edilib. Və onlar xüsusi polis texnikası "TOMA" avtomobillərindən istifadə ediblər. Redaksiya qarşısında toplaşanların üzərinə "TOMA"-dan su sıxılıb.
Qeyd edək ki, "Zaman" qəzeti 1986-cı ildə təsis edilib. Türkiyədən başqa bu qəzet ABŞ, Almaniya və bir sıra digər ölkələrdə nəşr olunur. Zaman Türkiyənin ən nüfuzlu nəşrlərindən biri sayılır.