Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalının final gününə çox az bir zaman qalıb. Bu gün festivalın idarə heyətinin üzvləri bu gün Zaqatala şəhərində olublar. Onlar Zaqatala Xalq Teatrının tərkibində fəaliyyət göstərən Gənclik Studiyasının hazırladığı tamaşanın təlim-məşq toplantısını izləyiblər. Festivalın icraçı direktoru Ramil Ağasiyevin verdiyi məlumata görə, Zaqatalada hazırlıq mərhələrsi başa çatıb: “Biz Zaqatalada qruluşçu rejissor Üzeyir Məmmədovun hazırladığı tamaşanı izlədik. Daha sonra isə, tamaşanın bir neçə yerində düzəlişlər etdik və öz məsləhətlərimizi quruluşçu rejissora verdik”. R.Ağasiyev eyni zamanda festivalın final günü ilə bağlı məlumat verib: “Final gününə çox az bir zaman qalıb. İştirakçılar arasında olan rəqabət günü-gündən artır. Kimin ən yaxşı olmasına münsiflər qərar verəcək. Ancaq, bir daha qeyd edim ki, bu festival Azərbaycan gəncliyinə bir hədiyyədir. Çünki, son 3 ay ərzində bir çox istedadlar festival sayəsində üzə çıxdı. Onlar gələcəkdə ölkəmiz üçün çox böyük işlər görəcəklər. Mənim buna şüphəm yoxdur”.
Qeyd edək ki, festivalın final gecəsindən öncə Azərbaycan teatr tarixində daha bir ilkə imza atılacaq. Belə ki, Gənclər və İdman nazirliyinin Şüvəlandakı düşərgəsində Art Kamp keçiriləcək. Bütün bölgələrdəki və paytaxtdakı truppaların üzvləri, ssenaristlər, rejissorlar bu kampda tanınmış teatr mütəxəssisləri tərəfindən məşq etdiriləcək və onlara treninqlər keçiləcək.
Əfsələddin AĞALAROV