Xəzər rayon prokurorunun köməkçisi İlqar Hacızadənin verdiyi məlumata görə, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir. Hadisə yerində "Makarov" tipli odlu silahdan çıxan güllə gilizləri aşkar olunub.
“Hazırda yaralı və ölən şəxsin yaxınları dindirilir. Onların kimlərləsə düşmənçiliyi olub-olmamaları araşdırılır. Hadisə ilə əlaqədar bir neçə şübhəli şəxs var. Lakin istintaq sirri olduğu üçün hələlik həmin şəxslərin kimliyini deyə bilmərəm. Hadisə yerində bir neçə avtomobil olub. Onların dövlət nömrə nişanları götürülüb. Hazırda, həmin şəxslər barəsində axtarışlar aparılır”, deyə İ. Hacızadə qeyd edib.
Bəzi informasiya saytlarında tərəflər arasında əlbəyaxa dava olması barədə yazılanlara gəlincə, İlqar Hacızadə bunu təkzib etdi: “Bu barədə məlumat yoxdur. Əslində elə bir hadisə də olmayıb. Orada əlbəyaxa döyüş olmayıb”.
***
14:52
ANS Televiziyasının hadisə yerinə yollanan əməkdaşının verdiyi məlumata görə, insident nəticəsində Hikmət Əmirağa oğlu Babayev və onun xalası oğlu Razi Mirzəbala oğlu Zəkiyev güllələniblər. Hikmət Babayev hadisə yerində dünyasını dəyişib. Bundan başqa, Hikmət Babayevin baş nahiyəsinə ərazidə olan daşlarla bir neçə dəfə zərbə endirildiyi də müəyyənləşdirilib.
Razi Zəkiyevi isə hadisə şahidləri xəstəxanaya çatdıra biliblər. Hazırda vəziyyəti ağırdır.
Hadisə yerində Xəzər rayon prokurorluğu və polis idarəsinin əməkdaşları araşdırma aparırlar.
Ərazidə Hikmət Babayev məxsus "Nissan" markalı avtomaşın var. Avtomaşının bütün şüşələrində güllə izləri var. Ehtimal olunur ki, güllələnənlər hadisə zamanı öz maşınlarında olublar. Onları güllələyənlər də başqa maşınla gəliblər. Burada mübahisə yaranıb və həmin şəxslər də öz maşınlarına minərək hadisə yerindən yayınıblar.
Hal - hazırda araşdırma aparılır.
***
14:02
Bakı şəhərində silahlı insident baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, insident Xəzər rayonu Buzovna qəsəbəsində “Zağulba” marketin yaxınlığında qeydə alınıb. Məlumata görə, silahlı atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Xəzər rayon Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 13:10 radələrində baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə polis əməkdaşları yollanıb.