Politoloq Zaur Məmmədli bu gün AZTV-də yayımlanan "Hədəf” verilişində Cənubi Qafqazda baş verən son proseslər və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
AZXEBER.COM xəbər verir ki, Zaur Məmmədli bildirib ki, regionda baş verən hadisələr və xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları təkcə bu iki ölkə üçün deyil, həm də regiona maraq göstərən və burada mövcudluğunu artırmağa çalışan xarici qüvvələr üçün də ciddi maraq doğurur. Onun sözlərinə görə, bu maraq təkcə müşahidə ilə bitmir, eyni zamanda arxa planda ciddi mübarizə də gedir və bunun əlamətləri həm Azərbaycanda, həm də Ermənistanda görünməkdədir.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin son çıxışında bu istiqamətdə bir neçə önəmli məqama toxunulub. Onlardan biri Ermənistanla sülh prosesidir. Məmmədlinin sözlərinə görə, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, buradakı güc balansı və ölkələrin təsir imkanları, əsasən, Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən asılı olacaq.
"İki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan və bu nailiyyətlərin öz milli təhlükəsizliklərinə təhdid olduğunu düşünən qüvvələr də var. Hətta elə ölkələr mövcuddur ki, bu məsələdə daxilində fikir ayrılığı yaşanır – bir dövlət rəsmisi bir açıqlama verir, digər qurum isə tam əksini bildirir,” – deyə o qeyd edib.
Politoloq bildirib ki, artıq Azərbaycan və Ermənistan liderləri arasında keyfiyyətli görüş keçirilib və bunun nəticəsi olaraq hər iki tərəfin işçi qrupları sülh müqaviləsi, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası üzərində işləyir.
"Sülh müqaviləsinə gəldikdə, artıq martın 13-də sənədin maddələri ilə bağlı ümumi razılıq əldə olunub. Bu, tarixi bir fürsətdir. Çünki iki ölkə ilk dəfə olaraq gələcəyə dair yanaşmalarda ortaq məxrəcə gəlib. Amma hələ də Ermənistan komissiyası dəyişdirilməyib və Minsk Qrupu ilə bağlı yekun mövqe ortaya qoyulmayıb,” – deyə o vurğulayıb.
Məmmədlinin sözlərinə görə, tərəflər hazırda sülh müqaviləsindən öncə paraflanmış sənədin imzalanmasını da istisna etmirlər və bu, yaxın zamanlarda baş verə bilər. Çünki Ermənistanda daxili vəziyyət dəyişə, hakimiyyət dəyişikliyi baş verə bilər və bu, xarici siyasətdə də yeni manevrlərə yol aça bilər.
Zaur Məmmədli əlavə edib ki, paraflanmış sənəd hər iki tərəf üçün qazanclı yol kimi görünür. Zəngəzur dəhlizi ilə bağlı da tərəflər arasında ümumi razılıq var. Hal-hazırda texniki detallar və xarici imkanlardan istifadə məsələləri üzərində iş aparılır.
Sonda politoloq qeyd edib ki, coğrafi baxımdan kiçik olan ölkələr üçün sülhə nail olmaq və böyük layihələrə imza atmaq asan deyil: "Çünki onlara təsir göstərməyə çalışan, maliyyə və siyasi gücə malik çoxsaylı xarici qüvvələr mövcuddur.”
Oksana Orucova